Mərkəzi bankların qızıl tələbi rekord həddə çatıb

Mərkəzi bankların qızıl tələbi

Dünya Qızıl Şurasının (WGC) hesabatına görə, 2026-cı ilin ikinci rübündə dünya mərkəzi banklarının xalis qızıl tələbi 289 ton təşkil edib. Bu, ikinci rüblər üzrə indiyədək qeydə alınmış ən yüksək göstəricidir.

Monetar.az xəbər verir ki, göstərici birinci rübdəki 57 tonla müqayisədə təxminən beş dəfə artıb. Artım əsasən Polşa və Çin mərkəzi banklarının iri həcmdə qızıl alışları hesabına baş verib.

İkinci rübdə ən böyük alıcı Polşa Mərkəzi Bankı olub. Qurum qızıl ehtiyatlarını 51 ton artıraraq iyunun sonuna 632 tona çatdırıb. Ən böyük satıcı isə qızıl ehtiyatlarını 22 ton azaldan Rusiya Mərkəzi Bankı olub.

WGC bildirir ki, qlobal geosiyasi risklər, qızıl qiymətlərindəki eniş və valyuta ehtiyatlarının şaxələndirilməsi siyasəti mərkəzi bankların qızıla marağını artıran əsas amillər sırasındadır. Bununla belə, ilin ilk yarısında xalis qızıl tələbi 345 ton olub ki, bu da 2022-ci ildən bəri ən aşağı ilk yarımillik göstəricisi hesab edilir.