Qiymət artımı gözləniləndən yüksək olacaq – Mərkəzi Bank proqnozu yenilədi

Qiymət artımı gözləniləndən yüksək olacaq –

AMB: Azərbaycanda illik inflyasiyanın 2026-cı ildə 6,1 faiz olacağı proqnozlaşdırılır

Azərbaycan Mərkəzi Bankı (AMB) baza ssenarisi üzrə ölkədə illik inflyasiya proqnozunu artırıb.

AMB-dən bildirilib ki, yenilənmiş proqnozlara əsasən, illik inflyasiyanın 2026-cı ilin sonunda 6,1 faiz, 2027-ci ilin sonunda isə 5,8 faiz olacağı gözlənilir. Əvvəlki proqnozda bu göstəricilər müvafiq olaraq 5,9 faiz4,5 faiz səviyyəsində qiymətləndirilmişdi.

Qeyd olunub ki, 2026-cı ilin iyun ayında 12 aylıq inflyasiya 5,8 faiz təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7,1 faiz, ödənişli xidmətlər üzrə 5,6 faiz, qeyri-qida məhsulları üzrə isə 3,8 faiz olub. İllik baza inflyasiyası isə 5,5 faiz səviyyəsində qeydə alınıb.

Mərkəzi Bankın qiymətləndirməsinə görə, illik inflyasiyanın 2027-ci ilin ikinci yarısından etibarən hədəf diapazonuna qayıdacağı gözlənilir. Bildirilib ki, 2026-cı ilin sonuna gözlənilən inflyasiyanın hədəfdən kənarlaşması proqnoz xətası çərçivəsindədir.

AMB inflyasiya proqnozunun yuxarı istiqamətdə yenilənməsini əsasən xarici mənşəli xərc amillərinin təsirinin güclənməsi ilə əlaqələndirib. Qeyd olunub ki, bu təsirlərin ortamüddətli dövrdə qalıcı xarakter daşımayacağı gözlənilir.

Məlumata görə, qlobal geosiyasi gərginlik fonunda enerji və ərzaq qiymətlərinin artması, eləcə də inflyasiyanın ticarət tərəfdaşı olan ölkələrdən idxal olunması riski yüksək olaraq qalır. Növbəti dövrdə inflyasiya proqnozlarının dəyişməsi əsasən bu risklərin reallaşma səviyyəsindən asılı olacaq. Bununla yanaşı, mövcud fiskal və pul siyasəti şəraitində daxili tələb amillərinin inflyasiya təzyiqi yaratmaq ehtimalının yüksək olmadığı vurğulanıb.

MONETAR.AZ