“Biletim.az” portalına yeni funksiyalar əlavə edilib

“Biletim.az” portalına yeni funksiyalar

“Biletim.az” portalı və mobil tətbiqində istifadəçilərin rahatlığını artırmaq məqsədilə yeni funksiyalar istifadəyə verilib. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata görə, artıq portal və tətbiq üzərindən bilet alarkən şəxsiyyət vəsiqəsinin FİN kodunu və seriya nömrəsini əl ilə daxil etməyə ehtiyac yoxdur. İstifadəçilər sənədi mobil telefon vasitəsilə skan etməklə şəxsi məlumatlarını avtomatik və daha sürətli şəkildə doldura biləcəklər.

Yeni funksiya elektron bilet alışını daha operativ həyata keçirməyə imkan verir.

Tətbiqin xəritə və dayanacaqlar bölmələri də təkmilləşdirilib. Xəritə bölməsi vasitəsilə sərnişinlər marşrut üzrə avtobusların faktiki yerini, son dayanacağa çatma vaxtını və digər məlumatları real vaxt rejimində izləyə biləcəklər.

Dayanacaqlar bölməsində isə avtobusların minik məntəqələrinin ünvanı və əlaqə məlumatları təqdim olunur.

Xatırladaq ki, daha əvvəl “Biletim.az” portalı və mobil tətbiqində gediş-gəliş istiqamətləri üzrə eyni anda elektron bilet almaq imkanı yaradılmışdı. Əvvəllər sistem yalnız bir istiqamət üzrə bilet alınmasını dəstəkləyirdi.

Hazırda “Biletim.az” portalı vasitəsilə 58 məntəqəyə 94 istiqamət üzrə bilet əldə etmək mümkündür. Sistemə ümumilikdə 372 reys və 420 nəqliyyat vasitəsi inteqrasiya edilib.