Panasonic Holdings Yaponiyanın Osaka prefekturasında yerləşən elektromobil (EV) akkumulyatorları istehsal xətlərini superkondensatorların istehsalına uyğunlaşdırmağı planlaşdırır. Bu barədə Nikkan Kogyo Shimbun qəzeti məlumat yayıb.
Məlumata görə, şirkət 2027-ci ilin martında başa çatacaq maliyyə ili ərzində superkondensatorların kütləvi istehsalına başlamağı hədəfləyir. Bu məhsullar əsasən ehtiyat enerji sistemlərində istifadə olunan kondensator ehtiyat bloklarında (capacitor backup units) tətbiq ediləcək.
Osakadakı zavod daha əvvəl Tesla Model S və Tesla Model X elektromobilləri üçün akkumulyator istehsal edirdi. Lakin Tesla bu modellərin istehsalını məhdudlaşdırdıqdan sonra müəssisənin istehsal güclərindən istifadə səviyyəsi azalıb.
Bundan əvvəl, iyunun 23-də Panasonic Hokkaydo prefekturasının Çitose şəhərində yerləşən zavodunda xarici bazarlar üçün superkondensator istehsalını genişləndirmək planlarını açıqlamışdı. Layihə üzrə istehsala 2027-ci ilin fevral–mart aylarında başlanması gözlənilir.
Şirkətin strukturunda avtomobil akkumulyatorlarının istehsalına Panasonic Energy, superkondensatorların istehsalına isə Panasonic Industry cavabdehdir. Hər iki bölmə Panasonic Holdings tərkibində müstəqil divizion kimi fəaliyyət göstərir.
MONETAR.AZ