Google, Amazon, Microsoft və Meta 2023-cü ildən bəri süni intellektin inkişafına ümumilikdə 1,1 trilyon dollar sərmayə yönəldiblər. 2026-cı ildə isə bu şirkətlərin Sİ ilə bağlı xərclərinin daha 745 milyard dollara çatacağı gözlənilir. Vəsait əsasən data-mərkəzlərin tikintisinə, çiplərin alınmasına və enerji infrastrukturunun genişləndirilməsinə sərf olunur.
Financial Times-ın məlumatına görə, bu nəhəng investisiyalar fonunda şirkətlərin məcmu sərbəst pul axını son onilliyin minimumuna enib. İnvestorlar isə xərclərin real gəlir və mənfəətə çevrildiyinə dair daha aydın sübutlar tələb etməyə başlayıblar.
İyulun sonunda ABŞ-nin aparıcı texnologiya şirkətləri ikinci rüb üzrə maliyyə nəticələrini açıqlayıblar. Google, Amazon və Microsoft-un hesablama güclərini OpenAI, Anthropic, startaplar və iri korporativ müştərilərə təqdim edən bulud bölmələrində artım sürətlənib.
Öz bulud platforması olmayan Meta-nın rüblük gəliri isə süni intellekt vasitəsilə reklamların daha dəqiq hədəflənməsi hesabına illik müqayisədə 28% artaraq 61 milyard dollara çatıb.
Meta-nın baş direktoru Mark Zukerberq bildirib ki, şirkət hesablama güclərinin maya dəyərindən yüksək qiymətə icarəyə verilməsi ilə bağlı çoxsaylı təkliflər alır. Bununla belə, onun sözlərinə görə, hazır süni intellekt həllərinin satışı hesablama güclərinin birbaşa icarəyə verilməsindən daha yüksək marja təmin edir.
Güclü maliyyə göstəricilərinə baxmayaraq, investorların münasibəti skeptik olaraq qalır. Meta-nın hesabatından sonra şirkətin səhmləri 8% ucuzlaşıb. SLC Management-in icraçı direktoru Dek Malləki bunu hesablama güclərinin monetizasiyası üzrə aydın strategiyanın olmaması ilə əlaqələndirib.
Google-un bulud gəlirləri illik müqayisədə 11 milyard dollar artsa da, şirkət birjaya çıxdığı dövrdən bəri ilk dəfə rübü 6 milyard dollarlıq mənfi sərbəst pul axını ilə başa vurub. Bu nəticədən sonra investorlar şirkətin səhmlərini satmağa başlayıblar.
Bazarın mənfi reaksiyasının əsas səbəbi süni intellekt xərcləri ilə bu investisiyaların yaratdığı real gəlirlər arasında fərqin genişlənməsidir.
Şirkətlərin Sİ infrastrukturu üzrə uzunmüddətli maliyyə öhdəlikləri ikinci rübdə kəskin artıb. Google-un bu istiqamətdə öhdəlikləri təxminən 500 milyard dollara, Meta-nın öhdəlikləri isə 233 milyard dollara çatıb. Meta iyul ayında əlavə 68 milyard dollarlıq öhdəlik də götürüb.
Bu məbləğlər əsasən data-mərkəzlərin icarəsi və uzunmüddətli satınalma müqavilələri ilə bağlıdır. Microsoft-un öhdəlikləri də 130 milyard dollardan çox artıb. Beləliklə, cəmi üç şirkət bir rüb ərzində təxminən 900 milyard dollarlıq yeni maliyyə öhdəliyi götürüb.
Eyni zamanda, Google, Amazon, Microsoft və Meta-nın məcmu sərbəst pul axını son onilliyin ən aşağı səviyyəsinə — 7 milyard dollara düşüb. Dörd şirkət arasında yalnız Microsoft və Meta xərclədiklərindən daha çox pul vəsaiti yarada biliblər.
Amazon-un baş direktoru Endi Cassi bildirib ki, data-mərkəz istifadəyə verildikdən sonra onun serverlərlə tam təmin olunması təxminən iki il çəkir. Buna görə də süni intellekt infrastrukturuna yönələn sərmayələrin pul axınına təzyiqi yaxın dövrdə də davam edə bilər.
Bir sıra top-menecerlər də analitiklərlə görüşlərdə Sİ xərclərinin növbəti rüblərdə sərbəst pul axınını azaltmaqda davam edəcəyini etiraf ediblər.
Dek Malləkinin sözlərinə görə, investorlar üçün artıq “nəyin bahasına olursa-olsun artım” yanaşması kifayət etmir. Onlar böyük xərclərin yalnız gəlirlərin nominal artımına deyil, konkret və davamlı mənfəətə çevrildiyini görmək istəyirlər.
MONETAR.AZ