Tesla Inc. Çindəki biznesinin mümkün ayrılmasını daxili səviyyədə müzakirə edir. The Wall Street Journal-ın məlumatına görə, bu məsələ baş icraçı direktor İlon Maskın SpaceX ilə mümkün birləşmə variantlarını nəzərdən keçirdiyi bir vaxta təsadüf edir.
Nəşrin məlumatlı mənbələrə istinadən yazdığına görə, Tesla rəhbərliyinin bir hissəsinə şirkətin Çin biznesinin mümkün ayrılmasına hazırlıq tapşırılıb. Məsləhətçilər müstəqil şirkətə çevrilmə, aktivlərin satışı və ya fəaliyyətin dayandırılması da daxil olmaqla müxtəlif ssenariləri qiymətləndirirlər.
Bu müzakirələr İlon Maskın nəzarətində olan Tesla və SpaceX-in gələcəkdə vahid struktur altında birləşdirilə biləcəyi ilə bağlı bazarda yayılan iddialar fonunda aparılır. Mask Tesla-nın son maliyyə nəticələrinə həsr olunmuş konfrans zəngində bu mövzu ilə bağlı suala müsbət münasibət bildirsə də, hər hansı konkret planın mövcudluğunu təsdiqləməyib.
"Aydındır ki, investorlarla konfrans zəngləri zamanı şirkətlərin birləşməsi kimi məsələləri müzakirə edə bilmərik. Bu cür proseslər müvafiq prosedurlara uyğun şəkildə həyata keçirilməlidir", – deyə Mask bildirib.
WSJ qeyd edir ki, Tesla-nın Çin biznesinin nə vaxt və hansı formada ayrılacağı və ya satılacağı hələlik qeyri-müəyyəndir. Nəşr eyni zamanda vurğulayır ki, hazırkı planlar dəyişə bilər.
Tesla və SpaceX-in mümkün birləşməsi ilə bağlı müzakirələr son aylarda daha da intensivləşib. İlon Maskın şirkətlərini bir struktur altında birləşdirmək təcrübəsi artıq mövcuddur. Bu ilin əvvəlində o, süni intellekt sahəsində fəaliyyət göstərən xAI şirkətini SpaceX-in tərkibinə daxil edib.
Bundan əvvəl isə, 2016-cı ildə günəş enerjisi sahəsində fəaliyyət göstərən SolarCity şirkəti Tesla ilə birləşdirilmişdi.
MONETAR.AZ