Hindistan Ehtiyat Bankı (RBI) iyulun 24-də rupinin məzənnəsini dəstəkləmək məqsədilə təxminən 7 milyard ABŞ dolları sataraq son ayların ən iri valyuta müdaxiləsini həyata keçirib. Bu barədə Bloomberg agentliyi məlumatlı mənbələrə istinadən xəbər yayıb.
Mənbələrin bildirdiyinə görə, rupi tarixi minimum səviyyələrə yaxınlaşdıqda RBI həm daxili, həm də beynəlxalq valyuta bazarlarında eyni vaxtda müdaxilə edib. Tənzimləyici növbəti iki ticarət günü ərzində də dollar satışını davam etdirərək milli valyutanın rekord aşağı həddə enməsinin qarşısını almağa çalışıb.
Rupinin dəstəklənməsi üçün əlavə imkanları ölkənin artan valyuta ehtiyatları təmin edib. Son kapital cəlbetmə tədbirləri nəticəsində Hindistan bankları təxminən 32 milyard dollar vəsait toplayıb. Bunun fonunda ölkənin beynəlxalq valyuta ehtiyatları iyulun 17-nə olan vəziyyətə görə 676,2 milyard dollara yüksəlib ki, bu da üç həftə ərzində 9 milyard dollardan çox artım deməkdir.
İlin əvvəlindən etibarən Hindistan rupisi ABŞ dollarına qarşı 6%-dən çox dəyər itirib və Asiyanın ən zəif valyutalarından birinə çevrilib. Buna əsas səbəb neft qiymətlərinin yüksəlməsi fonunda enerji idxalçısı olan ölkələrin valyutalarına təzyiqin artmasıdır.
Regionun digər mərkəzi bankları da milli valyutalarını dəstəkləmək üçün oxşar addımlar atıblar. Bloomberg-in məlumatına görə, Tayvan Mərkəzi Bankı bir sıra kommersiya banklarından dollar alışı sifarişlərini geri çəkməyi istəyib. Filippin Mərkəzi Bankı isə pesonun məzənnəsini dəstəkləmək üçün valyuta bazarına müdaxilə edib.
Agentlik həmçinin qeyd edib ki, iyulun 30-da Yapon yeni ABŞ dollarına qarşı təxminən 3% möhkəmlənib. Bu dinamika Yaponiya Mərkəzi Bankının mümkün valyuta müdaxiləsi ilə bağlı bazar gözləntilərini gücləndirib.
MONETAR.AZ