Qazaxıstan tankerlərə hücumlardan sonra neft yüklənməsini yenidən dayandırıb

Qazaxıstan tankerlərə hücumlardan sonra neft yüklənməsini

Qazaxıstanın Qara dənizdə yerləşən əsas neft ixrac terminalı Ukrayna dronlarının Rusiyanın Novorossiysk limanı yaxınlığında iki tankeri hədəfə almasından sonra fəaliyyətini növbəti dəfə dayandırıb. Bu barədə Reuters agentliyi məlumat yayıb.

Məlumata görə, Xəzər Boru Kəməri Konsorsiumu (XBK) yükləmə əməliyyatlarını bərpa etdikdən cəmi iki gün sonra terminal yenidən bağlanıb. Bu, cari ay ərzində üçüncü belə haldır.

XBK-nın açıqlamasına əsasən, Marşall adaları bayrağı altında üzən Nissos Sifnos və Men adası bayrağı altında üzən Marathi tankeriləri gecə saatlarında dron hücumuna məruz qalıb. Hücum nəticəsində terminalda yükləmə aparılan Nissos Sifnos tankerində yanğın baş verib.

Qazaxıstanın neft ixracının təxminən 80%-i XBK infrastrukturu vasitəsilə həyata keçirilir. Buna görə də terminalın fəaliyyətində təkrarlanan fasilələr həm ölkənin iqtisadiyyatı, həm də Qazaxıstanın neft sektorunda iri sərmayələri olan Chevron və ExxonMobil kimi beynəlxalq şirkətlər üçün əlavə risk yaradır.

Bundan əvvəl baş verən dayandırmalar alternativ ixrac marşrutlarının məhdud olması səbəbindən OPEK+ üzvü olan Qazaxıstanı neft hasilatını müvəqqəti azaltmağa məcbur etmişdi.

Uzunluğu 1 510 kilometr olan Xəzər Boru Kəməri Konsorsiumunun boru xətti dünyanın ən uzun transsərhəd neft kəmərlərindən biridir. Konsorsiumun əsas səhmdarları Rusiyanın Transneft, Qazaxıstanın KazMunayQaz və ABŞ-ın Chevron şirkətləridir.

XBK-ya alternativ marşrutlar — Xəzər dənizi vasitəsilə Azərbaycan və Türkiyəyə, eləcə də boru kəmərləri ilə Çinə nəql imkanları mövcud olsa da, onların ötürmə gücü məhdud hesab olunur.