Yaxın Şərqdə artan gərginlik və Hörmüz boğazının bağlı qalması fonunda neft qiymətləri kəskin bahalaşıb. Brent markalı neft fyuçersləri çərşənbə günü 7,32 faiz artım göstərib və qiymət 89,5 dollar/barel səviyyəsinə yaxınlaşıb.
Monetar.az xəbər verir ki, ekspertlərin fikrincə, neft bazarında yüksəliş əsasən geosiyasi risklər, ABŞ-İran qarşıdurması və regionda enerji tədarükü ilə bağlı narahatlıqlarla əlaqədardır.
ABŞ-ın İrana qarşı yeni sanksiyalar tətbiq etməsi, eləcə də bəzi Yaxın Şərq ölkələrində neft emalı zavodlarının fəaliyyətində yaranan fasilələr bazara təsir göstərib. Bununla yanaşı, ABŞ-da neft ehtiyatlarının azalması da qiymət artımını dəstəkləyib.
Analitiklər bildirirlər ki, neftin bahalaşması davam etsə də, yaxın günlərdə qiymətlərdə korreksiya ehtimalı var. Bazarda əsas diqqət Yaxın Şərqdəki vəziyyətə və qlobal neft tədarükünə yönəlib.
Təbii qaz bazarında isə ABŞ və Avropada qiymətlər üzrə fərqli dinamika müşahidə olunur. Soyutma mövsümündə artan tələbin ABŞ qaz qiymətlərinə dəstək verə biləcəyi qeyd edilir.