Ali təhsil müəssisələrinin sərgisi başa çatıb

Ali təhsil müəssisələrinin sərgisi

Dövlət İmtahan Mərkəzinin (DİM) Elektron İmtahanlar Korpusunda keçirilən ali təhsil müəssisələrinin sərgisi başa çatıb.

DİM-in məlumatına görə, sərgidə ölkədə fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsi, eləcə də Dövlət İmtahan Mərkəzi, Təhsil Tələbə Krediti Fondu, "Abituriyent" jurnalı redaksiyası, e-psixoloq.az psixoloji dəstək platforması və otk.az onlayn sınaq imtahanı portalı iştirak edib.

Üç gün ərzində sərgiyə 3 500-ə yaxın ziyarətçi qeydiyyatdan keçərək qatılıb.

Sərginin son günündə DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə tədbirə baş çəkərək ali təhsil müəssisələrinin, digər qurumların nümayəndələrinə və təşkilatçılara təşəkkürünü bildirib.

Bildirilib ki, sərginin əsas məqsədi ixtisas seçimi ərəfəsində abituriyentləri ali təhsil müəssisələrinin təklif etdiyi imkanlarla yaxından tanış etmək və onların düzgün ixtisas seçiminə dəstək göstərmək olub.

Qeyd edək ki, sərginin yekununda DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə media nümayəndələri üçün cari məsələlərə həsr olunmuş brifinq də keçirib.