Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına indiyədək 16 min 694 uşaq elektron qeydiyyatdan keçib. Onlardan 12 min 681 nəfəri üçün aktiv sorğu yerləşdirilib.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, məktəbəhazırlıq qruplarına qəbul sentyabrın 14-dək davam edəcək. Ümumi təhsil müəssisələrinə sənədlərin təqdim edilməsi isə sentyabrın 1-dən 30-dək həyata keçiriləcək.
Məktəbəhazırlıq qruplarına qeydiyyat www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılır. Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi iyulun 21-dən, digər dillərdə tədris aparılan bölmələr üzrə isə iyulun 22-dən etibarən aktivləşdirilib.
Qeyd edək ki, məktəbəhazırlıq qruplarına 2021-ci il təvəllüdlü, cari ildə 5 yaşı tamam olan uşaqlar qəbul edilir.
Məktəbəhazırlıq qruplarının yaradılmasında əsas məqsəd 5 yaşlı uşaqların psixoloji dayanıqlığını artırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarını inkişaf etdirmək, eləcə də məktəb mühitinə uyğunlaşmasını təmin etməkdir.