Dövlət İmtahan Mərkəzi (DİM) 2026/2027-ci tədris ili üzrə ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı "Abituriyent" jurnalının xüsusi buraxılışını nəşr edib.
Xüsusi buraxılışda ixtisas seçimi müsabiqəsində iştirak qaydaları, qəbul aparılan ixtisaslar və plan yerləri, elektron ərizə təqdim olunması üzrə təlimat, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin nümunəsi, eləcə də abituriyentlər üçün digər zəruri məlumatlar yer alıb.
Jurnal həm Azərbaycan, həm də rus bölmələrinin abituriyentləri üçün yalnız Azərbaycan dilində çap olunub. Hər iki bölmə üzrə namizədlər ixtisas seçimini bu nəşr əsasında həyata keçirirlər. Burada "Azərbaycan bölməsi", "Rus bölməsi" və "Azərbaycan və rus bölmələri üzrə birgə" qəbul aparılan ixtisaslar ayrıca göstərilib.
Bununla yanaşı, "Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2025-ci ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları" adlı xüsusi buraxılışda ötən ilin minimal keçid balları da dərc olunub.
Jurnalları DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi, 299), "Abituriyent" satış məntəqəsindən (Davud Aslan küçəsi, 2A), kitab mağazalarından, www.abiturient.az saytından və Wolt tətbiqi vasitəsilə əldə etmək mümkündür.
Qeyd edək ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə ixtisas seçimi 3–9 avqust tarixlərində elektron formada aparılacaq.