Xəzərdə 711,4 км² ərazi bərpaolunan enerji zonası elan edilib

Xəzərdə 711,4 км² ərazi bərpaolunan enerji zonası

Xəzər dənizinin Azərbaycanın sektorunda yerləşən ümumi sahəsi 711,4 kvadratkilometr olan su obyekti bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.

Bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin potensialından daha səmərəli istifadə məqsədilə sözügedən ərazi dənizdə külək elektrik stansiyalarının inşası üçün nəzərdə tutulub.

Sənədə əsasən, Energetika Nazirliyi həmin ərazidə elektrik enerjisi istehsalçısının seçilməsi ilə bağlı prosedurları Azərbaycan Respublikası Prezidentinin 2 avqust 2023-cü il tarixli fərmanı ilə təsdiq edilmiş "Bərpaolunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası"na uyğun həyata keçirəcək.

Qərara görə, sənədin qüvvəyə mindiyi tarixdən etibarən 711,4 kvadratkilometr sahəni əhatə edən bu ərazidə külək elektrik stansiyalarının tikintisinə icazə "Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında" Qanunun 6.7-ci maddəsində nəzərdə tutulan müddətdə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq veriləcək.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintiyə icazə verildiyi gündən, yaxud qanunvericilikdə müəyyən edilmiş müddətdə icazə verilmədiyi halda həmin müddət başa çatdıqdan sonra 3 gün ərzində bu barədə Nazirlər Kabinetinə məlumat təqdim etməlidir.

Qərarın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinə həvalə olunub.