Rusiya Mərakeşdən benzin idxalına başlayıb

Rusiya Mərakeşdən benzin idxalına

Rusiya Mərakeşdən təxminən 30 min metrik ton AI-92 markalı benzindən ibarət dəniz partiyası idxal edib. Bu barədə Reuters agentliyinə danışan iki sahə mənbəsi məlumat verib.

Məlumata görə, Ukraynanın pilotsuz uçuş aparatları (PUA) ilə neft emalı zavodlarına (NEZ) həyata keçirdiyi ardıcıl hücumlar nəticəsində daxili yanacaq bazarında yaranan qıtlıq və qiymət artımı fonunda Moskva bazarın sabitləşdirilməsi üçün bir sıra tədbirlər görüb. Bu tədbirlərə Mərkəzi Asiya və Belarusdan dəmir yolu və dəniz vasitəsilə benzin idxalı, eləcə də yanacaq ixracına qoyulan məhdudiyyətlər daxildir.

Mənbələrin bildirdiyinə görə, Panama bayrağı altında üzən tanker iyulun ortalarında Mərakeşin Tanjer limanında AI-92 benzini yükləyərək Rusiyanın Arktika bölgəsində yerləşən Murmansk limanına çatdırıb. Həmsöhbətlərin sözlərinə görə, tədarükçü qismində LUKOIL çıxış edib.

Sankt-Peterburq Beynəlxalq Əmtəə-Xammal Birjasının (SPbIMEX) məlumatları da AI-92 markalı benzinin Murmansk limanına xidmət göstərən Kola stansiyasından dəmir yolu ilə göndərilməsi üçün təklif olunduğunu göstərir.

Baş nazirin müavini Aleksandr Novak iyulun ortalarında bildirmişdi ki, Rusiyada NEZ-lərin fəaliyyətində yaranan fasilələr və mövsümi tələbatın artması səbəbindən daxili bazarın sabitləşdirilməsi məqsədilə neft məhsullarının idxalına başlanılacaq.

Reuters daha əvvəl də mənbələrə istinadən Rusiyanın Hindistandan dəniz yolu ilə benzin idxal etməyə başladığını xəbər vermişdi.

İyulun əvvəlinə olan məlumata görə, son aylarda intensivləşən PUA hücumları nəticəsində iri neft emalı zavodlarının bir hissəsinin fəaliyyətini dayandırması səbəbindən Rusiyada benzin istehsalı orta yay istehlakının təxminən 65%-nə qədər azalıb.

İstehsalın azalması fonunda ölkənin bir sıra regionlarında benzin satışına məhdudiyyətlər tətbiq edilib.

Bu gün daha əvvəl isə Ukraynanın Rusiyanın ən böyük neft emalı zavodlarından birinə zərbə endirdiyi barədə məlumat yayılıb. Hücumun hədəflərindən biri LUKOIL-un Volqoqrad vilayətində yerləşən neft emalı zavodu olub.

MONETAR.AZ