İngiltərə Bankının baş iqtisadçısı Hyu Pill bugün ABŞ ilə İran arasında müharibənin enerji daşıyıcılarının qiymətlərini yüksəltməsi fonunda Böyük Britaniya iqtisadiyyatında uzunmüddətli inflyasiya təzyiqlərinin yarana biləcəyi barədə xəbərdarlıq edib.
Cümə axşamı keçirilən Pul Siyasəti Komitəsinin (MPC) iclasında uçot dərəcəsinin dəyişdirilməməsi qərarına qarşı səs verən üç üzvdən biri olan Pill bildirib ki, enerji qiymətlərindəki artım hələlik İngiltərə Bankının 2%-lik inflyasiya hədəfinə ictimai etimadı ciddi şəkildə sarsıtmayıb.
Bununla belə, o vurğulayıb ki, müəssisələr və işçilər artan xərcləri və gəlir itkilərini kompensasiya etməyə çalışdıqca daha gec üzə çıxan, lakin daha təhlükəli ola biləcək "ikinci dərəcəli inflyasiya effektləri"nin formalaşıb-formalaşmadığı yalnız ilin sonuna doğru daha aydın görünəcək.
İngiltərə Bankının Pul Siyasəti Komitəsi son iclasında uçot dərəcəsini dəyişməz saxlayıb. Qərar 6 səsə qarşı 3 səslə qəbul olunub. Hyu Pill, Ketrin Mann və Meqan Qrin uçot dərəcəsinin 25 bazis bəndi artırılmasının lehinə səs veriblər.
İngiltərə Bankının rəhbəri Endryu Beyli isə dünən keçirdiyi mətbuat konfransında tənzimləyicinin hazırda faiz dərəcələrinin artırılması istiqamətində hərəkət etmədiyini bildirib.
Onun sözlərinə görə, bazar iştirakçılarının bu il mümkün faiz artımını qiymətləndirməsi əsasən ABŞ–İran müharibəsinin enerji bazarına təsiri nəticəsində yarana biləcək əlavə inflyasiya risklərini əks etdirir və bu, İngiltərə Bankının mövcud inflyasiya göstəricilərini cilovlamaq üçün dərhal monetar siyasəti sərtləşdirmək niyyətində olması anlamına gəlmir.
MONETAR.AZ