Bakının bir sıra küçə və yollarında hərəkət məhdudlaşdırılacaq

Bakının bir sıra küçə və yollarında hərəkət

Bakıda aparılan təmir işləri ilə əlaqədar avqustun 1-dən 3-dək paytaxtın bir sıra küçə və yollarında nəqliyyat vasitələrinin hərəkətinə qismən və ya tam məhdudiyyət tətbiq olunacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına görə, xarici dairəvi avtomobil yolunun yan yolunda (Şamaxı istiqamətində, Fərman Salmanov küçəsindən Əsəd Əhmədov küçəsinədək) avqustun 1-i saat 06:00-dan avqustun 3-ü saat 06:00-dək hərəkət tam məhdudlaşdırılacaq.

Eyni zamanda, Şeyx Şamil küçəsində (H.Seyidbəyli küçəsindən İstiqlaliyyət küçəsinədək) və Lermontov küçəsində (Bünyad Sərdarov küçəsindən Şeyx Şamil küçəsinədək) avqustun 1-dən 3-dək yol tam bağlanacaq.

Mikayıl Müşfiq küçəsində (Mətbuat prospektindən Parlament prospektinədək) isə iyulun 31-i saat 20:00-dan avqustun 3-ü saat 06:00-dək nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Bundan başqa, Şıxəli Qurbanov küçəsində (Füzuli küçəsindən Salatın Əsgərova küçəsinədək) iyulun 31-i saat 20:00-dan avqustun 3-ü saat 06:00-dək yol nəqliyyat vasitələrinin hərəkəti üçün tam bağlanacaq.

AAYDA sürücülərə səfərlərini əvvəlcədən planlaşdırmağı, alternativ marşrutlardan istifadə etməyi və təmir işləri aparılan ərazilərdə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə ciddi əməl etməyi tövsiyə edib.