Hər il mayın 21-də qeyd olunan Dialoq və İnkişaf Naminə Ümumdünya Mədəni Müxtəliflik Günü dünya xalqlarının mədəni zənginliyini və mədəniyyətlərarası dialoqun əhəmiyyətini ön plana çıxarır.
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası bu günü 2002-ci ildə UNESCO-nun “Mədəni Müxtəliflik üzrə Ümumdünya Bəyannaməsi”nin qəbulundan sonra təsis edib. Məqsəd mədəniyyətlərarası anlaşmanı gücləndirmək, sülhə və davamlı inkişafa töhfə verməkdir.
Mütəxəssislər bildirirlər ki, müxtəlif mədəniyyətlər arasında qarşılıqlı hörmət və dialoq qlobal sabitliyin əsas şərtlərindən biridir. BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün də mədəni müxtəlifliyin qorunması vacib hesab olunur.
Azərbaycan da multikultural dəyərlərə önəm verən ölkələr sırasında yer alır. Ölkəmizdə müxtəlif xalqların və dini icmaların nümayəndələri uzun illərdir qarşılıqlı hörmət və tolerantlıq şəraitində yaşayırlar. Dövlət tərəfindən milli-mədəni müxtəlifliyin qorunmasına və inkişafına xüsusi diqqət göstərilir.
Prezident İlham Əliyev çıxışlarında Azərbaycanın tarix boyu müxtəlif mədəniyyətlərin qovuşduğu məkan olduğunu vurğulayaraq, tolerantlıq və qarşılıqlı hörmətin ölkəmizin əsas dəyərlərindən biri olduğunu bildirib.
Dialoq və İnkişaf Naminə Ümumdünya Mədəni Müxtəliflik Günü xalqlar arasında anlaşmanın möhkəmləndirilməsi və ortaq dəyərlərin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.
MONETAR.AZ