Samsung əməkdaşları tətili səsvermə üçün təxirə salıblar

Samsung əməkdaşları tətili səsvermə üçün

Samsung Electronics şirkətinin həmkarlar ittifaqı üzvləri çərşənbə günü bildiriblər ki, ümumi tətil planları təxirə salınıb və əməkhaqqı ilə bağlı əldə olunmuş ilkin razılaşma səsverməyə çıxarılacaq. Yonhap News Agency agentliyinin yaydığı məlumata görə, mayın 21-dən iyunun 7-dək keçirilməsi planlaşdırılan 18 günlük ümumi tətil qeyri-müəyyən müddətə ertələnib. Bu barədə Samsung Electronics həmkarlar ittifaqının birgə qərargahının bildirişində qeyd olunub.

Həmkarlar ittifaqının rəhbəri Çoi Seunq-ho (Choi Seung-ho) elan edib ki, əmək nazirinin iştirakı və dövlət vasitəçiliyi ilə baş tutan son dəqiqə danışıqlarında rəhbərliklə ortaq məxrəcə gəlmək mümkün olub. Bu qərar qlobal çip bazarında tədarükün kəsilməsi və qiymət artımı ilə bağlı yaranmış ciddi narahatlıqları müvəqqəti olaraq azaldıb. Şirkət rəhbərliyi isə öz növbəsində bəyan edib ki, əldə olunan bu razılaşma həmkarlar ittifaqı ilə daha yetkin və konstruktiv münasibətlərin başlanğıcı olacaq.

Açıqlamaya əsasən, 70 mindən çox işçini təmsil edən təşkilatın üzvləri əməkhaqqı və bonus sistemi üzrə əldə olunmuş ilkin razılaşmanı qəbul edib-etməməklə bağlı yaxın günlərdə keçiriləcək sənədli səsvermədə iştirak edəcəklər.

Lakin analitiklər xəbərdarlıq edirlər ki, çip bazarında böhran tam başa çatmayıb. Əgər həmkarlar ittifaqının üzvləri səsvermə zamanı bu ilkin razılaşmanı rədd edərlərsə, ümumi tətil planları yenidən masaya qayıda bilər. Hökumət rəsmiləri isə iqtisadiyyata milyardlarla dollar zərər vura biləcək belə bir ssenarinin qarşısını almaq üçün tətil hüququnu donduran "fövqəladə arbitraj" mexanizmini hələ də ehtiyat variant olaraq saxlayır.

MONETAR.AZ