Bu gün diplomatlar peşə bayramını qeyd edirlər

Bu gün diplomatlar

Bu gün – iyulun 9-u Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramıdır.

Prezident İlham Əliyevin 2007-ci il 24 avqust tarixli Sərəncamına əsasən, hər il iyulun 9-u Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur. Tarixin seçilməsi 1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair ilk rəsmi sənəd – müvəqqəti təlimatın qəbul edilməsinə əsaslanır.

Azərbaycan diplomatiyasının təməli Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulub. Həmin illərdə Bakıda 16 xarici dövlətin diplomatik nümayəndəliyi fəaliyyət göstərib, 1920-ci ildə isə Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi de-fakto tanınıb. Lakin 1922-ci ildə SSRİ-nin yaradılmasından sonra ölkənin müstəqil xarici siyasət fəaliyyəti dayandırılıb.

Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra milli diplomatiyanın inkişafında yeni mərhələ başlanıb. Ölkəmiz qısa müddətdə nüfuzlu beynəlxalq təşkilatlara üzv olub, dünyanın müxtəlif dövlətləri ilə diplomatik münasibətlər qurub. 1992-ci ildə Xarici İşlər Nazirliyinin fəaliyyəti yeni əsaslarla formalaşdırılıb.

1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın xarici siyasətinin strateji istiqamətləri müəyyənləşdirilib, milli maraqlara əsaslanan balanslaşdırılmış diplomatik kurs formalaşdırılıb. Bu siyasət Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilir.

Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb. Xüsusilə Vətən müharibəsində qazanılan tarixi Zəfər və sonrakı dövrdə aparılan diplomatik fəaliyyət ölkəmizin mövqeyini daha da möhkəmləndirib.

Respublikamızın dünyanın müxtəlif ölkələrində onlarla səfirliyi, baş konsulluğu və beynəlxalq təşkilatlar yanında daimi nümayəndəlikləri fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycanda çoxsaylı xarici dövlətlərin diplomatik nümayəndəlikləri və beynəlxalq təşkilatların ofisləri fəaliyyət göstərir.

Bu gün ölkə daxilində və xaricdə fəaliyyət göstərən minə yaxın diplomat Azərbaycanın milli maraqlarının qorunması, dövlətimizin beynəlxalq aləmdə layiqincə təmsil olunması və xarici siyasət kursunun uğurla həyata keçirilməsi istiqamətində xidmətlərini davam etdirir.

MONETAR.AZ