Ərdoğan: Türkiyə öz rabitə peykini istehsal edən 11 ölkədən biridir

Ərdoğan: Türkiyə öz rabitə peykini istehsal edən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi mətbuat konfransında ölkənin kosmik texnologiyalar, müdafiə sənayesi, iqtisadiyyat və nəqliyyat sahələrində əldə etdiyi nəticələrdən danışıb.

Ərdoğan bildirib ki, Türkiyənin kosmik proqramı son illərdə mühüm inkişaf yolu keçib. Onun sözlərinə görə, ölkə artıq öz rabitə peykini istehsal edə bilən 11 dövlətdən biridir. Prezident qeyd edib ki, hazırda "İMECE-2", "İMECE-3", "GÖKTÜRK-3" və "TÜRKSAT 7A" layihələri üzrə işlər davam etdirilir.

Dövlət başçısı vurğulayıb ki, peyk texnologiyaları kəşfiyyat, rabitə, müdafiə sənayesi və xəritələşdirmə kimi sahələrdə strateji əhəmiyyət daşıyır.

Ərdoğan İstanbulun nəqliyyat infrastrukturunun genişləndirilməsi istiqamətində işlərin davam etdiyini də bildirib. Onun sözlərinə görə, 16 stansiyadan və 69 kilometr uzunluğundan ibarət metro layihəsi tam başa çatdırılıb. Yeni xəttin istifadəyə verilməsi ilə sərnişinlərin səfər müddəti əhəmiyyətli dərəcədə azalıb, layihənin iqtisadiyyata 953 milyon avro töhfə verəcəyi gözlənilir.

Prezident qeyd edib ki, hazırda İstanbulda daha iki metro xəttinin tikintisi davam edir. Bu layihələr tamamlandıqdan sonra şəhərdə dövlət tərəfindən inşa edilən relsli nəqliyyat xətlərinin ümumi uzunluğu 191 kilometrə çatacaq.

Müdafiə sənayesi sahəsinə toxunan Ərdoğan Türkiyənin müdafiə ixracatına görə dünyada 11-ci yerdə qərarlaşdığını bildirib. O, ölkənin indiyədək 140-dan çox dəniz platformasını müxtəlif dövlətlərə ixrac etdiyini, tarixdə ilk dəfə NATO və Avropa İttifaqına üzv olan bir ölkəyə hərbi gəmi satıldığını vurğulayıb.

İqtisadi göstəricilərdən danışan Türkiyə Prezidenti bildirib ki, 2025-ci ildə ölkənin ixracı 395,9 milyard dollara çataraq tarixi rekord yeniləyib. Onun sözlərinə görə, ixracatçıların maliyyə imkanlarının genişləndirilməsi məqsədilə reeskont kreditlərinin limiti 5 milyard lirəyə yüksəldilib.

Ərdoğan əmək bazarında müsbət dinamikanın davam etdiyini də qeyd edib. O bildirib ki, may ayında işsizlik səviyyəsi 8,2 faiz təşkil edib, məşğul əhalinin sayı isə 32 milyon 463 min nəfərə yüksəlib.

Prezident çıxışında həmçinin Səhiyyə Nazirliyi ilə ASELSAN-ın birgə hazırladığı yerli ürək-ağciyər aparatının ilk klinik əməliyyatda uğurla istifadə olunduğunu bildirərək, bu texnologiyanın strateji əhəmiyyət daşıdığını vurğulayıb.

MONETAR.AZ