Trampın ilk gün imzaladığı fərman nəticəsiz qaldı

Trampın ilk gün imzaladığı fərman

ABŞ Ali Məhkəməsi Prezident Donald Trampın doğumla vətəndaşlıq hüququnu məhdudlaşdırmağı nəzərdə tutan prezident fərmanının tətbiqinə icazə verməyib.

Məhkəmə ABŞ Konstitusiyasına edilən 14-cü düzəlişə əsasən, ölkə ərazisində doğulan uşaqların əksəriyyətinin avtomatik olaraq ABŞ vətəndaşlığı əldə etdiyini bir daha təsdiqləyib.

Ali Məhkəmənin sədri Con Roberts bildirib ki, Konstitusiya ABŞ-də doğulan demək olar ki, bütün uşaqlara doğum əsasında vətəndaşlıq hüququ verir. Qərar 9 hakimdən 6-sının səsi ilə qəbul olunub.

Bununla da Donald Trampın ölkədə qanunsuz yaşayan və ya müvəqqəti statusla olan şəxslərin ABŞ-də doğulan uşaqlarına vətəndaşlıq verilməməsini nəzərdə tutan prezident fərmanı qüvvəyə minməyib.

Ali Məhkəmə, eyni zamanda, trans qızların və qadınların dövlət məktəbləri və universitetlərin qadın idman komandalarında iştirakını qadağan edən ştat qanunlarını da qüvvədə saxlayıb.

Qeyd edək ki, Donald Tramp ikinci prezidentlik müddətinin ilk günündə imzaladığı fərmanla doğum əsasında vətəndaşlığın tətbiq dairəsini məhdudlaşdırmağa çalışmışdı. Lakin sənəd aşağı instansiya məhkəmələri tərəfindən Konstitusiyaya zidd hesab olunduğundan indiyədək qüvvəyə minməmişdi.

MONETAR.AZ