Süni intellekt gümüşə tələbi artırdı: qiymətlər 60 dollara yaxınlaşır

Süni intellekt gümüşə tələbi artırdı:

Dünya bazarlarında gümüşün qiyməti iyunun 24-də qeydə alınan 7 aylıq minimum həddən sonra yüksəliş göstərərək bir unsiya üçün 60 ABŞ dollarına yaxınlaşıb.

Qiymət artımına əsas səbəblərdən biri kimi süni intellekt infrastrukturu, məlumat mərkəzləri və çip istehsalına yönələn investisiyaların artması fonunda sənaye tələbinin güclənməsi göstərilir.

Gümüşün yüksək elektrik keçiriciliyinə malik olması onun süni intellekt sistemləri və müasir texnologiyalarda istifadəsini artırır. Bu amil qiymətli metala olan uzunmüddətli tələblə bağlı gözləntiləri dəstəkləyir.

Bununla yanaşı, ABŞ Federal Ehtiyat Sisteminin (FED) sərt pul siyasəti gümüş qiymətlərinə təzyiq göstərməkdə davam edir. Güclü əmək bazarı göstəriciləri və inflyasiya ilə bağlı narahatlıqlar FED-in faiz dərəcələrini yüksək səviyyədə saxlaya biləcəyi ehtimalını artırıb.

Analitiklərin fikrincə, yüksək faiz dərəcələri gəlir gətirməyən aktivlərə, o cümlədən qiymətli metallara marağı məhdudlaşdırsa da, sənaye sektorundan gələn tələbat gümüş qiymətlərini dəstəkləyən əsas amillərdən biri olaraq qalır.

MONETAR.AZ