İyulun 1-dən Azərbaycanda qadınların pensiya yaşı 6 ay artırılaraq 65 yaşa çatdırılır. Bununla da ölkədə kişilər və qadınlar üçün pensiya yaşı bərabərləşir.
Dəyişiklik "Əmək pensiyaları haqqında" Qanunda nəzərdə tutulan mərhələli artım mexanizminə uyğun olaraq tətbiq edilir. Qanuna əsasən, 2017-ci il iyulun 1-dən etibarən qadınların pensiya yaşı hər il 6 ay artırılaraq 2026-cı il iyulun 1-dən 65 yaş həddinə çatdırılır.
Qanunvericiliyə əsasən, yaşa görə əmək pensiyası hüququ şəxsin fərdi hesabında toplanmış pensiya kapitalı və ya tələb olunan sığorta stajı əsasında müəyyən edilir. Pensiya təyin olunması üçün ən azı 25 il sığorta stajı və ya minimum pensiya kapitalı tələb olunur. Hazırda minimum pensiya kapitalı 46 080 manat təşkil edir.
Mövcud qanunvericiliyə uyğun olaraq, minimum tələblərə cavab verməyən şəxslərə "Sosial müavinətlər haqqında" Qanuna əsasən yaşa görə sosial müavinət ödənilir.
Hazırda Azərbaycanda yaşa görə əmək pensiyasının minimum məbləği 320 manatdır və pensiyalar ömürlük təyin edilir.
MONETAR.AZ