"Qara qızıl"ın 2020-ci ildən bəri ən "qara" rübü

"Qara qızıl"ın 2020-ci ildən bəri

Dünya bazarlarında xam neftin qiyməti çərşənbə axşamı bir barel üçün təxminən 70,2 ABŞ dolları ətrafında ticarət olunub. Neft ikinci rübdə təqribən 30 faiz ucuzlaşıb ki, bu da 2020-ci ildən bəri ən böyük rüblük eniş hesab olunur.

Qiymətlərin kəskin azalmasının əsas səbəblərindən biri qlobal bazarda təklifin artmasıdır. Fars körfəzi regionunda əvvəllər məhdudlaşmış neft həcmlərinin bazara çıxması və Hörmüz boğazından daşımaların artması təklif təzyiqini gücləndirib.

Bundan əlavə, ABŞ tərəfindən İrana tətbiq olunan bəzi sanksiya güzəştləri bazara əlavə neft həcmlərinin daxil olmasına imkan yaradıb. Bu isə artıq yüksək təklif şəraitində olan bazarda qiymətlərə əlavə təsir göstərib.

Digər tərəfdən, Vaşinqton və Tehran arasında diplomatik təmaslar davam edir. Tərəflərin nümayəndə heyətlərinin münaqişənin dayandırılması ilə bağlı danışıqlar apardığı bildirilir. İran isə birbaşa danışıqlara qarşı mövqeyini qoruyur.

Analitiklərin fikrincə, neft bazarında əsas diqqət bundan sonra geosiyasi proseslərə, qlobal təklif-tələb balansına və Hörmüz boğazındakı vəziyyətə yönələcək.

MONETAR.AZ