FHN əhaliyə xəbərdarlıq edib: yağıntı, sel və qar uçqunu

FHN əhaliyə xəbərdarlıq edib:

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.

Proqnoza görə, bəzi ərazilərdə yağıntılar intensiv xarakter alacaq, ayrı-ayrı dağ çaylarından qısamüddətli sel keçəcəyi, həmçinin şimşək çaxacağı ehtimal olunur. Bununla yanaşı, mülayim qərb küləyinin arabir güclənəcəyi və temperaturun yüksəlməsi fonunda yüksək dağlıq ərazilərdə qar uçqunu riski yaranacağı bildirilir.

Fövqəladə Hallar Nazirliyi bununla əlaqədar əhaliyə müraciət edərək təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırıb.

Qurumdan bildirilib ki, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqınlardan qorunmaq üçün vətəndaşlar sel təhlükəli ərazilərdən uzaq durmalı, belə hallarla üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliklərə qalxmalıdırlar.

Eyni zamanda, ildırım təhlükəsi ilə bağlı elektrik cihazlarının şəbəkədən ayrılması, telefonlardan istifadə edilməməsi, açıq ərazilərdə elektrik xətləri, anten və hündür ağaclardan uzaq durulması tövsiyə edilir. Açıq havada olduqda nisbətən çökək ərazilərdə dayanmaq, avtomobildə olan şəxslərin isə hərəkəti dayandıraraq şüşələri qaldırıb təhlükə sovuşana qədər gözləməsi məsləhət görülür.

Bundan əlavə, qar uçqunu riski nəzərə alınaraq yüksək dağlıq ərazilərdə, xüsusilə dik yamaclarda hərəkət etməmək tövsiyə olunur.

MONETAR.AZ