ABŞ Prezidenti Donald Trumpın İranla bağlı hərbi gərginliyi azaltmaq məqsədilə 15 maddəlik plan təklif etdiyi iddia olunur.
Məlumata görə plan Bloombergə danışan mənbələr vasitəsilə ictimaiyyətə sızdırılıb. Bildirilir ki, təklif Pakistan üzərindən Tehrana çatdırılıb və tərəflər arasında danışıqlar üçün bir aylıq müvəqqəti atəşkəs də nəzərdə tutulur.
İddialara əsasən, plan çərçivəsində İranın nüvə proqramının tam məhdudlaşdırılması, o cümlədən İsfahan nüvə obyektləri, Natanz nüvə obyekti və Fordo nüvə obyektinin fəaliyyətinin dayandırılması tələb olunur. Həmçinin Tehranın uran zənginləşdirmədən imtina etməsi və yüksək zənginləşdirilmiş ehtiyatlarını Beynəlxalq Atom Enerjisi Agentliyinə təhvil verməsi şərt kimi irəli sürülür.
Digər maddələrdə Hörmüz boğazının yenidən gəmiçilik üçün açılması, İranın raket proqramının məhdudlaşdırılması və regiondakı silahlı qruplara dəstəyin dayandırılması kimi tələblər də yer alır.
Bunun qarşılığında isə ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaların ləğvi nəzərdə tutulur.
İsrail mediası, xüsusilə Channel 12 telekanalı, ABŞ-ın atəşkəs təşəbbüsü ilə çıxış etdiyini qeyd etsə də, rəsmi İsrailin plana münasibəti hələlik məlum deyil. İsrailli mənbələr Tehranın bu şərtləri qəbul etməkdə tərəddüd göstərə biləcəyini bildirirlər.
Bundan əvvəl İran tərəfi ABŞ-la danışıqlar aparıldığına dair məlumatları təkzib edib. Buna baxmayaraq, Tramp administrasiyası diplomatik səylərlə yanaşı, regiona əlavə hərbi qüvvələrin göndərilməsini də davam etdirir.
MONETAR.AZ