Fövqəladə Hallar Nazirliyi (FHN) ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.
Nazirliyin müraciətində bildirilir ki, Milli Hidrometeorologiya Xidmətinin proqnozuna əsasən, 30 avqust axşamından 1 sentyabradək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək. Ayrı-ayrı rayonlarda intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, güclü külək əsəcəyi və şimşək çaxacağı gözlənilir.
FHN sel və daşqın təhlükəsi olan ərazilərdən uzaq durmağı, təhlükə yarandığı halda isə dərhal yaxınlıqdakı yüksək əraziyə çəkilməyi tövsiyə edir.
Güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərin, həmçinin bina fasadlarının, reklam lövhələrinin, elektrik dirəklərinin, naqillərin və hündür ağacların yaxınlığında dayanmaq təhlükəli hesab olunur.
Nazirlik kiçikhəcmli gəmi sahiblərinə belə hava şəraitində dənizə çıxmağın qadağan olunduğunu da xatırladıb.
Yay mövsümündə çimərliklərdə insanların çox olduğunu nəzərə alan FHN vurğulayıb ki, güclü külək zamanı dənizə girmək həyati təhlükə yaradır.
Bundan əlavə, ildırım təhlükəsi zamanı aşağıdakı təhlükəsizlik qaydalarına əməl olunması tövsiyə edilir:
- Elektrik cihazlarını şəbəkədən ayırın.
- Sabit və mobil telefonlardan istifadə etməyin.
- Elektrik xətləri, ildırımötürücülər, antenalar və digər metal konstruksiyalardan uzaq durun.
- Hündür ağacların altında sığınmayın.
- Avtomobildə olarkən təhlükəsiz yerdə dayanıb şüşələri qaldırın və ildırım təhlükəsi keçənədək gözləyin.
FHN vətəndaşları hava şəraiti ilə bağlı rəsmi xəbərdarlıqları izləməyə və təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.