Türkiyənin bazar tənzimləyicisi bəzi investisiya fondlarının qeyri-adi dərəcədə yüksək gəlirliliyi ilə bağlı narahatlıqlar fonunda hec-fondların fəaliyyətinə dair qaydaları sərtləşdirib. Bu barədə Bloomberg məlumat yayıb.
Türkiyə Kapital Bazarları Şurasının yenilənmiş qaydalarına əsasən, hec-fondların ayrı-ayrı şirkətlərin sərbəst dövriyyədə olan səhmlərinə investisiya imkanları məhdudlaşdırılıb. Bir emitentin “free-float” səhmlərində fondun payı şirkətin sərbəst dövriyyə əmsalından asılı olaraq 2%-dən 8%-dək ola bilər.
Yeni qaydalara əsasən, fondların portfelinin 20%-dən çoxunun onların idarəçilərinin nəzarətində olan və ya onlarla əlaqəli strukturlar tərəfindən buraxılmış kapital bazarı alətlərinə yatırılmasına da icazə verilməyəcək.
Tənzimləyici qurum portfeldə aktivlərin həddindən artıq cəmləşməsinə qarşı əlavə məhdudiyyət tətbiq edib. Belə ki, hər biri fond portfelinin 5%-dən çoxunu təşkil edən qiymətli kağızların ümumi dəyəri portfelin 20%-ni keçməməlidir.
Fondlara yeni tələblərə tam uyğunlaşmaq üçün 2026-cı ilin sonunadək vaxt verilib. Bununla belə, mövcud mövqelər tədricən azaldılmalıdır: 31 oktyabradək ən azı üçdə biri, 30 noyabradək isə ən azı üçdə ikisi azaldılmalı, 31 dekabradək isə qaydalara tam uyğunluq təmin edilməlidir.
Yeni tədbirlər bəzi Türkiyə investisiya fondlarının nisbətən likvidliyi aşağı olan səhmlər üzərində böyük təsir imkanlarına malik olması ilə bağlı narahatlıqlardan sonra qəbul edilib. Bu vəziyyət fondların qeyri-adi yüksək gəlirliliyi və ayrı-ayrı qiymətli kağızların kotirovkalarında kəskin artımlarla eyni vaxta təsadüf edib.
Yaranmış vəziyyət bazarda mümkün qiymət manipulyasiyaları, əlaqəli hesablar vasitəsilə ticarət və Türkiyə fond bazarında qiymətləndirmələrin təhrif edilməsi ilə bağlı suallar yaradıb.
Qlobal indeks provayderləri — MSCI, S&P Dow Jones Indices və FTSE Russell Türkiyədə səhmdarlıq strukturunun şəffaflığı, “free-float” göstəriciləri və bazarın əlçatanlığı ilə bağlı narahatlıqlarını dəfələrlə ifadə ediblər.
MSCI xəbərdarlıq edib ki, Türkiyə hakimiyyəti noyabr ayındakı baxışadək səhmdarlıq strukturunun şəffaflığını yaxşılaşdırmasa, ölkənin inkişaf etməkdə olan bazar statusuna yenidən baxıla bilər.
May ayında indeks provayderi “free-float” göstəriciləri ilə bağlı problemlərə görə bir sıra Türkiyə şirkətlərinin səhmlərini kiçik kapitallaşmalı şirkətlər indeksindən çıxarıb. İyun ayında isə qısamüddətli satışlara tətbiq olunan məhdudiyyətlər və “əlaqələndirilmiş ticarət” kimi qiymətləndirilən əməliyyatlarla bağlı ayrıca narahatlığını açıqlayıb.
Türkiyə iyunda “free-float” əmsallarının hesablanması metodologiyasını dəyişib. Bununla belə, MSCI yeni qaydaların bazara praktiki təsirini ayrıca qiymətləndirəcəyini bildirib.
MONETAR.AZ