Qlobal toyuq əti istehsalı son iyirmi ilə yaxın müddətdə 1,5 dəfədən çox artaraq bu məhsulu dünyada heyvan mənşəli zülalın əsas mənbələrindən birinə çevirib.
Financial Times-ın məlumatına görə, 2023-cü ildə dünya üzrə fermerlər 76,2 milyard toyuq yetişdiriblər. 2006-cı ildə isə bu göstərici 48,3 milyard olub. Üstəlik, artım tempi son illərdə sürətlənib. Əvvəllər sektorun illik artımı 2%-dən bir qədər çox olduğu halda, son dövrdə bu göstərici 3%-i ötüb.
Toyuq ətinə tələbatın əsas hissəsi Asiya-Sakit okean regionu, Amerika və Avropanın payına düşür. Çin və ABŞ birlikdə dünya üzrə toyuq əti istehlakının təxminən üçdə birini formalaşdırır.
Toyuq ətinin populyarlığının əsas səbəbləri onun nisbətən ucuz və çoxşaxəli məhsul olmasıdır. Donuz və mal ətindən fərqli olaraq, toyuq əti geniş yayılmış mədəni və dini məhdudiyyətlərlə qarşılaşmır. Bu səbəbdən müxtəlif ölkələrin mətbəxlərinə və fərqli qiymət seqmentlərinə asanlıqla uyğunlaşır.
Lakin ötən əsrdə vəziyyət tamamilə fərqli idi. Toyuqlar əsasən yumurta istehsalı üçün saxlanılır, ət bazarında isə mal əti üstün mövqedə dayanırdı.
Toyuq ətinin kütləvi istehlak məhsuluna çevrilməsində əsas dönüş ABŞ-də soyuducu texnologiyalarının inkişafı və sənaye üsulu ilə quşçuluğun genişlənməsi ilə baş verib. Bu proses istehsal xərclərinin azalmasına və toyuq ətinin daha geniş istehlakçı kütləsi üçün əlçatan olmasına şərait yaradıb.