4 dövlət orqanında 9 vəzifə üzrə daxili müsahibə elan edilib

4 dövlət orqanında 9 vəzifə üzrə daxili müsahibə

Dünən 4 dövlət orqanında inzibati vəzifələrin 1–3-cü təsnifatlarına uyğun 9 vəzifənin tutulması üçün daxili müsahibə elan edilib.

Dövlət İmtahan Mərkəzinin məlumatına görə, elan olunan vəzifələrdən 6-sı inzibati vəzifələrin ikinci təsnifatına, 3-ü isə üçüncü təsnifatına aiddir. Daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Aparat rəhbəri vəzifəsidir. Bu vəzifə inzibati vəzifələrin ikinci təsnifatına daxildir.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Bu yanaşma vətəndaşların rahatlığının təmin olunmasına, vaxt itkisinin və maliyyə xərclərinin azaldılmasına, eləcə də Dövlət İmtahan Mərkəzinin göstərdiyi dövlət xidmətlərinin daha əlçatan olmasına imkan yaradır.

Daxili müsahibədə müvafiq vəzifənin tutulması üçün müəyyən edilmiş şərtlərə cavab verən Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər.

Namizədlər 28 avqust 2026-cı ildən 11 sentyabr 2026-cı il saat 18:00-dək Dövlət İmtahan Mərkəzinin internet portalında yerləşdirilən “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.