Dünyada gənclər arasında işsizlik artır

Dünyada gənclər arasında

Dünyada 15-24 yaşlı gənclər arasında işsizlik və əmək bazarından kənarda qalma göstəriciləri ardıcıl ikinci ildir yüksəlir.

Monetar.az xəbər verir ki, Beynəlxalq Əmək Təşkilatının (BƏT) məlumatlarına əsaslanan hesabata görə, 2026-cı ildə əmək bazarında olan gənclərin 12,4 faizi işsizdir. Bu, dünyada təxminən 67 milyon gəncə bərabərdir.

Eyni zamanda, gənclərin 20 faizi, yəni 257 milyon nəfər nə işləyir, nə təhsil alır, nə də peşə hazırlığı keçir. Bu qrup NEET adlandırılır.

BƏT-in “Global Employment Trends for Youth 2026” hesabatında qeyd olunur ki, COVID-19 pandemiyasından sonra gənclərin məşğulluğu sahəsində əldə edilən irəliləyiş qlobal iqtisadiyyatda qeyri-müəyyənlik və kövrəkliyin artması fonunda dayanıb.

Hesabata əsasən, problem yalnız iş yerlərinin sayının azalması ilə məhdudlaşmır. Gənclər arasında natamam məşğulluq və ixtisaslarına uyğun olmayan işlərdə çalışma halları da geniş yayılıb.

NEET qrupunda qadın və qızların payı daha yüksəkdir. Bunun əsas səbəblərindən biri onların ev işləri və ailə üzvlərinə qulluqla daha çox məşğul olmasıdır.

Gənc kişilər arasında işsizlik səviyyəsi daha yüksək olduğu halda, qadınlar arasında NEET göstəricisi daha geniş yayılıb.

Pandemiya nəticəsində gənclər arasında işsizlik və fəaliyyətsizlik 2020-ci ildə kəskin artıb. Sonrakı iki ildə vəziyyət tədricən yaxşılaşıb və 2022-2023-cü illərdə göstəricilər pandemiyadan əvvəlki səviyyədən aşağı düşüb. Lakin bundan sonra qlobal gənclər əmək bazarında yenidən pisləşmə başlayıb.