Satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 10 mindən çox ailə mənzillə təmin edilib

Satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 10 mindən çox ailə

Prezident İlham Əliyevin 25 yanvar 2019-cu il tarixli 488 nömrəli Fərmanına uyğun olaraq, İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən şəxsi yığımları kifayət etməyən vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən satmaq öhdəliyi ilə kirayə mexanizminin icrası davam edir.

Fonddan AZƏRTAC-a bildirilib ki, avqustun 28-dək bu mexanizm vasitəsilə 10 015 ailənin mənzil şəraiti yaxşılaşdırılıb. Onlardan 945-i cari ildə bağlanmış müqavilələrin payına düşür. İlin sonunadək kirayə müqavilələrinin sayının daha da artacağı gözlənilir.

Satmaq öhdəliyi ilə kirayə mexanizmindən yararlanaraq mənzil şəraitini yaxşılaşdıran vətəndaşların 60 faizdən çoxunu gənclər və gənc ailələr təşkil edir.

İndiyədək bu mexanizm çərçivəsində Fond tərəfindən vətəndaşlara 17 ünvanda mənzillər təqdim edilib. Bunlardan 8-i Bakı şəhərində, 6-sı Abşeron rayonunda (Xırdalan şəhərində 3 ünvan, Masazır, Saray və Məmmədli qəsəbələrində 3 ünvan), 3-ü isə Sumqayıt şəhərində yerləşir.

Vətəndaşlara təqdim olunan mənzillər geniş həyətyanı sahəsi olan, məktəb, uşaq bağçası və səhiyyə müəssisələri kimi əsas infrastruktur obyektlərinə yaxın yaşayış komplekslərində yerləşir. Mənzillər müasir tikinti materialları ilə təmir olunub, kombi istilik sistemi, su, qaz və elektrik sayğacları ilə təchiz edilib. Eyni zamanda, bütün mənzillərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb.