"Eni" Venesuelanın neft sektorunun bərpası üçün danışıqlar aparır

"Eni" Venesuelanın neft sektorunun bərpası üçün

İtaliyanın "Eni SpA" enerji şirkəti Venesuelanın neft sektorunun bərpasına dəstək məqsədilə ölkə rəhbərliyi və digər tərəfdaşlarla danışıqlar apardığını açıqlayıb. Bu barədə şirkət dünən bəyanat yayıb.

"Eni" bildirib ki, Venesuelanın enerji sektorunun bərpasını dəstəkləmək üçün yerli tərəfdaşlar və prosesdə iştirak edən digər aidiyyəti qurumlarla əməkdaşlıq edir. Şirkət qeyd edib ki, danışıqlar davam etdiyi üçün hazırda növbəti addımlar barədə əlavə məlumat vermək mümkün deyil və təfərrüatlar yekun razılaşmadan sonra açıqlanacaq.

Bu proses ABŞ administrasiyasının Venesuelanın neft sənayesində təsirini artırmağa çalışdığı bir dövrə təsadüf edir. Müzakirə olunan planlardan biri ABŞ-nin ölkənin təxminən 65 milyard barrel sübut olunmuş neft ehtiyatını əhatə edən birgə layihələrin hasilatının 55%-nə nəzarət etməsini nəzərdə tutur.

"Bloomberg"in məlumatına görə, "Eni"nin baş icraçı direktoru Klaudio Deskaltsi investorlarla görüşdə Venesuelanın Energetika Nazirliyi və dövlət neft şirkəti PDVSA ilə aparılan danışıqların uğurla irəlilədiyini bildirib.

Deskaltsi daha əvvəl də şirkətin Venesueladakı fəaliyyət planlarını amerikalı tərəfdaşları ilə fəal şəkildə müzakirə etdiyini qeyd etmişdi.

"Eni" Venesuelada əhəmiyyətli aktivlərə malikdir. Şirkətin ölkədəki layihələrinin 5,5 milyard barreldən çox çıxarıla bilən neft resursunu əhatə etdiyi bildirilir. Bundan əlavə, PDVSA-nın "Eni" qarşısında təxminən 3 milyard ABŞ dolları məbləğində ödənilməmiş borcu olduğu qeyd olunur.

MONETAR.AZ