ABŞ Venesuela nefti ilə bağlı böyük sazişə yaxınlaşır

ABŞ Venesuela nefti ilə bağlı

ABŞ administrasiyası Venesuelanın geniş neft ehtiyatlarında pay əldə etmək məqsədilə bu ölkənin müvəqqəti hökuməti ilə danışıqlar aparır.

Monetar.az xəbər verir ki, Axios-un ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, mümkün saziş ABŞ-nin enerji ehtiyatlarının əhəmiyyətli dərəcədə artmasına imkan verə bilər.

Bildirilir ki, dünyanın ən böyük təsdiqlənmiş neft ehtiyatlarına malik Venesueladan tədarük olunacaq resurslar hesabına ABŞ-nin neft ehtiyatları iki dəfədən çox arta bilər.

ABŞ rəsmilərindən biri mümkün razılaşmanı “nəhəng saziş” kimi qiymətləndirib. Digər rəsmi isə Prezident Donald Trampın ABŞ və bütün Qərb yarımkürəsinin gələcək enerji təhlükəsizliyini təmin etməyə yaxın olduğunu bildirib.

Məlumata görə, Tramp Venesuelanın neft sahələrində pay əldə edilməsi məsələsini daha əvvəl də müzakirə edib.

Danışıqlara ABŞ dövlət katibi Marko Rubio və Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges rəhbərlik edir. Ötən ay ABŞ Dövlət Departamenti və Müdafiə Nazirliyinin yüksəkvəzifəli nümayəndələri məsələnin təfərrüatlarını müzakirə etmək üçün Karakasda venesuelalı rəsmilərlə görüşüblər.

Yekun sazişin nə vaxt imzalanacağı hələlik məlum deyil. Bununla belə, ABŞ-nin enerji naziri Kris Raytın yaxın günlərdə Venesuelaya səfər edərək ABŞ şirkətlərinin ölkədə neft hasilatının artırılması imkanlarını müzakirə etməsi gözlənilir.