"Bloomberg" xəbər verir ki, Qətər Hörmüz boğazının tam açılması ilə bağlı qeyri-müəyyənlik səbəbindən Avropa və Asiya alıcılarına mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü üzrə fors-major rejimini daha bir ay uzadıb. Bu qərar Fars körfəzindən enerji tədarükünün bərpası ilə bağlı gözləntiləri daha da zəiflədib.
Məsələ ilə tanış olan treyderlərin sözlərinə görə, dövlətə məxsus "QatarEnergy" bu həftə Pakistandakı müştərilərinə LNG yüklərinin ləğvinin oktyabr ayında da davam edəcəyi barədə məlumat verib. Banqladeşə tədarüklə bağlı fors-major da sentyabr ayından sonrakı dövrü əhatə edəcək şəkildə uzadılıb. Şirkətin müştərilərindən biri olan İtaliyanın "Edison" şirkəti isə tədarük məhdudiyyətlərinin noyabrın əvvəlinədək davam edəcəyini açıqlayıb. Avropadakı digər alıcılar və treyderlər də oxşar bildirişlər almağa başlayıblar.
Hazırda Hörmüz boğazı vasitəsilə LNG daşımaları demək olar ki, dayanıb. Buna baxmayaraq, neft tankerlərinin bir hissəsi məkik daşımaları vasitəsilə boğazdan keçməyə davam edir. Bu üsulda kiçik tankerlər nefti boğazdan keçirərək açıq dənizdə gözləyən iri tankerlərə ötürür. Bəzi gəmilər isə yüksək riskli ərazilərdən keçərkən izləmə sistemlərini (transponderlərini) söndürürlər.
"Rystad Energy" şirkətinin analitiki Masanori Odaka bildirib ki, Qətər LNG daşıyan gəmilərin təhlükəsizliyinə neft tankerləri ilə müqayisədə daha həssas yanaşır. Onun sözlərinə görə, qazdaşıyan gəmilər daha az saydadır, daha bahalıdır və dövlət istehsalçısı ilə gəmi operatorları üçün strateji əhəmiyyət daşıyır.
Odaka qeyd edib ki, belə gəmilərin transponderlərini söndürərək yüksək riskli marşrutlardan keçməsi həm maliyyə, həm də təhlükəsizlik baxımından neft tankerlərinə nisbətən daha böyük risk yaradır. Bundan əlavə, nefti məkik üsulu ilə yenidən yükləmək mümkün olsa da, LNG üçün belə bir həll hələ geniş tətbiq edilmir.
İyul ayından etibarən, Qətərə məxsus iki qazdaşıyan gəmiyə hücumdan sonra ölkə Hörmüz boğazı vasitəsilə LNG ixracını əsasən dayandırıb. ABŞ və İran arasında sülh razılaşmasının hələ də əldə olunmaması səbəbindən bu məhdudiyyətlərin uzun müddət davam etməsi ehtimalı qalır. Halbuki ötən il dünya üzrə LNG tədarükünün təxminən beşdə biri məhz bu boğazdan keçirdi.
Tədarükdə yaranan çatışmazlıq Avropa və Asiyada LNG qiymətlərinin müharibədən əvvəlki səviyyələrlə müqayisədə təxminən iki dəfə yüksəlməsinə səbəb olub. Məhdudiyyətlərin uzanması qış mövsümü yaxınlaşdıqca məhdud qaz həcmləri uğrunda Avropa ilə Asiya arasında rəqabəti daha da gücləndirə və qiymətlərin artımını sürətləndirə bilər.
Mart ayında baş vermiş hücumdan sonra "QatarEnergy"nin Ras Laffan qaz kompleksi azaldılmış güclə fəaliyyət göstərir. Bununla belə, şirkət Hörmüz boğazında vəziyyət normallaşacağı təqdirdə istehsalı qısa müddətdə əvvəlki səviyyəyə çatdırmağa hazır olduğunu bildirir.
MONETAR.AZ