ABŞ Prezidenti Donald Tramp dünən axşam bildirib ki, Vaşinqton Venesuela ilə ölkənin 65 milyard barreldən çox sübut olunmuş neft ehtiyatlarına çıxışı təmin edən saziş bağlayıb. O, bunu tarixdəki ən böyük neft razılaşması kimi xarakterizə edib.
Tramp Truth Social platformasında paylaşdığı açıqlamada bildirib ki, saziş Dövlət katibi Marko Rubio və Müdafiə naziri Pit Heqsetin iştirakı ilə, Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriqes və bir sıra özəl şirkətlərlə aparılan danışıqlar nəticəsində əldə olunub.
Prezidentin sözlərinə görə, razılaşma ABŞ vergiödəyicilərindən əlavə maliyyə vəsaiti tələb etməyəcək və ölkənin neft ehtiyatlarını iki dəfədən çox artıracaq.
"Bu tarixi saziş Amerika neft ehtiyatlarını iki dəfədən çox artırır, neft təklifini əhəmiyyətli dərəcədə genişləndirir və bütün amerikalılar üçün benzinin qiymətini kəskin şəkildə aşağı salacaq", — deyə Tramp bildirib.
Bununla belə, Tramp sazişin hüquqi quruluşu, prosesə cəlb olunan özəl şirkətlər və ABŞ-nin Venesuela neft ehtiyatları üzərində nəzarəti hansı mexanizmlə həyata keçirəcəyi barədə ətraflı məlumat verməyib.
Açıqlama qlobal enerji bazarlarının Yaxın Şərqdəki gərginlik və İran ətrafında baş verən hadisələr fonunda tədarük riskləri ilə üzləşdiyi dövrə təsadüf edib. Bu şərait alternativ neft mənbələri uğrunda rəqabəti daha da gücləndirib.
Sazişlə bağlı bəyanat ABŞ-də noyabr ayında keçiriləcək aralıq seçkilər ərəfəsində səsləndirilib. Benzin qiymətləri və inflyasiya Tramp administrasiyası üçün əsas iqtisadi mövzulardan biri olaraq qalır.
Bundan əvvəl Bloomberg yazmışdı ki, ABŞ Müdafiə Nazirliyi Vaşinqton və Karakas arasında vasitəçi kimi çıxış edən enerji investoru Alexandro Betankurun iştirakı ilə Venesuelanın neft yataqlarında böyük pay əldə etmək imkanlarını araşdırır. Məlumata görə, danışıqlar ölkənin əsas hasilat hövzələrində yerləşən 17-yə qədər neft yatağını əhatə edib.
Tramp əlavə edib ki, razılaşma ABŞ ilə Venesuela arasında münasibətlərin yaxşılaşmasına və Venesuela iqtisadiyyatının bərpasına da töhfə verəcək.
MONETAR.AZ