ABŞ-nin maliyyə naziri Skott Bessent xəbərdarlıq edib ki, Yaponiya yeninin kəskin və nizamsız məzənnə dəyişiklikləri qlobal maliyyə bazarlarında sabitliyi poza və ABŞ-də ev təsərrüfatları ilə biznes üçün borclanma xərclərinin artmasına səbəb ola bilər.
Reuters-in məlumatına görə, Bessent bu fikirləri avqustun 27-də demokrat senator Elizabet Uorrenə ünvanladığı məktubda bildirib. Məktub senator tərəfindən ertəsi gün X sosial şəbəkəsində dərc edilib. Yazışma Uorrenin ABŞ və Yaponiyanın ötən ay həyata keçirdiyi birgə valyuta müdaxiləsinin təfərrüatları ilə bağlı sorğusuna cavab olaraq hazırlanıb.
Bessent məktubunda qeyd edib ki, yenin nəzarətsiz ucuzlaşması investorları məcburi şəkildə mövqelərini bağlamağa vadar edə bilər. Bu isə qlobal maliyyə bazarlarında gərginliyi artıraraq kredit bazarlarına və borclanma xərclərinə mənfi təsir göstərə bilər.
Maliyyə naziri Tokio ilə birgə müdaxilə qərarını müdafiə edərək bildirib ki, ABŞ Maliyyə Nazirliyi əməliyyatı Valyuta Sabitləşdirmə Fondu (Exchange Stabilization Fund – ESF) vasitəsilə həyata keçirib və fondun valyuta aktivlərini yenlə dəyişdirərək bazara müdaxilə edib.\
"Ən yaxşı böhran qarşısı alınan böhrandır", – deyə Bessent məktubunda vurğulayıb.
O bildirib ki, ESF daha əvvəl də oxşar məqsədlərlə istifadə olunub. Nümunə kimi Argentinada yaranmış likvidlik böhranını göstərən Bessent qeyd edib ki, fond həmin dövrdə maliyyə sabitliyini qorumaq və problemlərin regiona yayılmasının qarşısını almaq üçün də işə salınmışdı.
ESF ABŞ Maliyyə Nazirliyinin idarə etdiyi və valyuta bazarlarında sabitliyi dəstəkləmək üçün nəzərdə tutulmuş ehtiyat fondudur. Ötən il fond vasitəsilə Argentinanın milli valyutasını dəstəkləmək məqsədilə 20 milyard dollarlıq valyuta svop mexanizmi yaradılmışdı.
ABŞ və Yaponiya 31 iyulda yenin və Yaponiya dövlət istiqrazlarının kəskin satışının qarşısını almaq məqsədilə nadir hallarda rast gəlinən birgə valyuta müdaxiləsi həyata keçirmişdilər.
Müdaxilədən sonra yen dollar qarşısında 164 səviyyəsinə yaxın 40 illik minimumdan 155,20-yə qədər möhkəmlənsə də, sonradan bu qazancın böyük hissəsini itirib və yenidən 160 səviyyəsinə yaxınlaşıb.
Cümə günü yenin yenidən zəifləməsi Federal Ehtiyat Sisteminin sədri Kevin Uorşun açıqlamalarından sonra ABŞ-də faiz dərəcələrinin artırılması ehtimalının yüksəlməsi fonunda baş verib. Bazar iştirakçıları 160 yen/dollar səviyyəsini Yaponiya hakimiyyətinin növbəti mümkün valyuta müdaxiləsi üçün əsas hədd kimi izləməyə davam edirlər.
MONETAR.AZ