Avropada qaz qiymətləri ardıcıl üçüncü həftəlik artıma hazırlaşır

Avropada qaz qiymətləri ardıcıl üçüncü həftəlik

Avropanın etalon təbii qaz fyuçersləri cümə günü 19 mart 2026-cı ildən bəri qeydə alınan maksimum səviyyələrdən geri çəkilsə də, bazar ardıcıl üçüncü həftəlik artıma doğru irəliləyir.

Həm Niderlandın növbəti ay üzrə TTF fyuçersləri, həm də Böyük Britaniyanın topdansatış qaz müqavilələri yeraltı qaz anbarlarının aşağı doluluq səviyyəsi və Fars körfəzində gəmiçiliyin ləngiməsi ilə bağlı narahatlıqlar fonunda həftəlik qazancını qoruyub saxlayıb.

Yaxın Şərqlə bağlı diplomatik xəbərlər həftənin əvvəlində müşahidə olunan pik səviyyələrdən müəyyən geri çəkilməyə səbəb olsa da, qaz qiymətləri mövsümi orta göstəricilərdən yüksək olaraq qalır. Bu isə bazarda geosiyasi risklərin hələ də qiymətlərə daxil edildiyini göstərir.

Sessiyanın əvvəlində Avropa qaz müqavilələri son beş ayın ən yüksək səviyyəsinə yüksəlmişdi. Buna səbəb Yaxın Şərqdə artan gərginlik və Qətərdən Hürmüz boğazı vasitəsilə həyata keçirilən mayeləşdirilmiş təbii qaz (LNG) tədarükündə ciddi fasilələrin yaranması olub.

Lakin Qətər və Oman da daxil olmaqla regional vasitəçilərin Hörmüz boğazı vasitəsilə kommersiya gəmiçiliyinin bərpası məqsədilə Vaşinqton və Tehranla danışıqlara başlaması barədə məlumatlardan sonra qiymətlər əvvəlki maksimumlardan geri çəkilib.

Buna baxmayaraq, fiziki qaz bazarında gərginlik davam edir. "Gas Infrastructure Europe"un məlumatına görə, Avropa İttifaqında yeraltı qaz anbarlarının doluluq səviyyəsi ümumi tutumun təxminən 62%-ni təşkil edir. Bu göstərici son beş ilin mövsümi orta səviyyəsi olan 79%-dən xeyli aşağıdır.

Eyni zamanda, Avropada davam edən yüksək temperatur elektrik enerjisinə tələbatı artırır, Norveçdəki dəniz yataqlarında aparılan planlı texniki işlər isə qaz təklifini məhdudlaşdıraraq anbarların doldurulmasını ləngidir. Bu amillər qış mövsümü ərəfəsində Avropa qaz bazarında qiymətlərə dəstək verməyə davam edir.

MONETAR.AZ