Kanada dolları FED-in siqnalları fonunda ucuzlaşıb

Kanada dolları FED-in siqnalları

Kanada dolları (CAD) cümə günü ABŞ dolları qarşısında zəifləyərək son iki aydan çox müddətdə ən böyük həftəlik enişinə doğru irəliləyib. Buna əsas səbəb Federal Ehtiyat Sisteminin (FED) sədri Kevin Uorşun açıqlamalarından sonra ABŞ dollarının möhkəmlənməsi olub.

Kanada dolları gün ərzində təxminən 0,3% ucuzlaşaraq ABŞ dolları qarşısında 1,3900 Kanada dolları səviyyəsində ticarət olunub. Daha əvvəl məzənnə 1,3908 səviyyəsinə qədər yüksələrək son doqquz günün ən zəif göstəricisini qeydə alıb. İnvestorlar FED-in sentyabr ayında faiz dərəcəsini artıracağı ehtimalını yüksəltdikdən sonra ABŞ dollarına tələbat artıb.

Kanada dolları ölkə iqtisadiyyatı ilə bağlı müsbət statistikaya baxmayaraq təzyiq altında qalıb. Rəsmi məlumatlara görə, Kanada iqtisadiyyatı ikinci rübdə illik ifadədə 3,3% böyüyərək 2023-cü ildən bəri ən güclü rüblük artımı nümayiş etdirib. Bu göstərici Kanada Bankının 2,5% səviyyəsindəki proqnozunu da üstələyib.

Bununla belə, bazarlar bu nəticələrin əsasən Kanada ilə ABŞ arasında ticarət gərginliyinin yenidən artmasından əvvəlki dövrü əhatə etdiyini nəzərə alaraq statistikaya məhdud reaksiya veriblər. İnvestorların diqqəti daha çox ABŞ-ın yeni tariflərinin və Kanadanın cavab tədbirlərinin ilin ikinci yarısında iqtisadi artıma təsirinə yönəlib.

Valyutaya əlavə təzyiq ABŞ dollarının möhkəmlənməsi ilə bağlı olub. Kevin Uorş bildirib ki, inflyasiya 2%-lik hədəfə doğru inandırıcı şəkildə geriləməsə, FED əlavə tədbirlər görməli olacaq. Bu açıqlamadan sonra bazarlar sentyabr iclasında 25 baza bəndi faiz artımı ehtimalını təxminən 35%-dən 57,5%-ə yüksəldiblər.

Bunun fonunda ABŞ dollarının indeksi təxminən 0,6% artaraq 99,69 bəndə yüksəlib və avqustun 17-dən bəri ən yüksək səviyyəsinə çatıb.

Kanada dolları ötən həftə Kanada ilə ABŞ arasında ticarət danışıqlarının dalana dirənməsi ilə bağlı narahatlıqlar səbəbindən də təzyiq altında qalıb. Bununla belə, Kanada dolları ABŞ valyutasına nisbətən zəifləsə də, Avstraliya dollarına qarşı müqayisədə daha dayanıqlı olub. Avstraliya dolları son günlər 0,9979 Kanada dolları səviyyəsinə yüksələrək son beş ildən çox müddətin ən yüksək göstəricisini qeydə alıb.

İnvestorlar Kevin Uorşun Cekson-Houlda keçirilən iqtisadi simpoziumdakı çıxışını da diqqətlə izləyiblər. ABŞ-da inflyasiyanın yüksək qalması fonunda bazarlar FES-in faiz siyasəti ilə bağlı əlavə siqnallar axtarırlar.

Kanadada isə Reuters agentliyinin 35 iqtisadçı arasında keçirdiyi sorğuya əsasən, Kanada Bankının 2 sentyabr tarixli iclasında əsas faiz dərəcəsini 2,25% səviyyəsində saxlayacağı və bu səviyyənin ən azı 2027-ci ilin üçüncü rübünə qədər dəyişməyəcəyi gözlənilir.

ABŞ və Kanada arasında pul-kredit siyasəti üzrə fərqlərin artması Kanada dolları üçün əlavə risk yaradır. Kanada Bankının faiz dərəcəsini sabit saxlaması gözləntiləri Kanada istiqrazlarının gəlirliliyinin ABŞ-dakı artımı izləməsini məhdudlaşdırır və bu da Kanada dollarını ABŞ dollarının möhkəmlənməsi qarşısında daha həssas edir.

MONETAR.AZ