Daha bir yeniləmə “Windows 11” istifadəçiləri üçün problem yaradıb

Daha bir yeniləmə “Windows 11” istifadəçiləri üçün

“Microsoft”un “Windows 11” əməliyyat sistemi üçün avqust ayında yayımladığı növbəti yeniləmə istifadəçilər arasında narazılığa səbəb olub. Bu barədə “Windows Latest” məlumat yayıb.

Nəşrin jurnalistləri avqust ayında təqdim edilən KB5120998 yeniləməsindən sonra “Windows 11”də müxtəlif nasazlıqların yarandığına diqqət çəkiblər. İstifadəçilərin çoxsaylı şikayətlərinə əsasən, yeniləmə kompüterlərdə siçan kursorunun və iş masasının fon şəklinin işləməsi ilə bağlı problemlərə səbəb olur.

Ən çox rast gəlinən problemlərdən biri siçan göstəricisinin yeniləmədən sonra “Windows 98” üslubunda iri ağ kursor formasına qayıtmasıdır. Bundan başqa, bəzi istifadəçilər yeniləməni quraşdırdıqdan sonra iş masasının fon şəklinin yoxa çıxdığını bildiriblər. Onların sözlərinə görə, seçilmiş təsvirin yerinə qara ekran görünür.

“Windows Latest”in mütəxəssisləri “Microsoft Feedback Hub” platformasındakı müraciətləri də araşdırıblar. Onların qənaətinə görə, problemin kifayət qədər çox sayda istifadəçidə müşahidə olunması bunun ayrı-ayrı hallarla məhdudlaşmadığını göstərir.

Bu səbəbdən nəşrin mütəxəssisləri “Microsoft” problemi aradan qaldırana qədər KB5120998 yeniləməsini quraşdırmamağı tövsiyə ediblər.

Qeyd edək ki, bundan əvvəl “Windows”un avqust ayı yeniləməsi olan KB5121003-ü quraşdıran istifadəçilər də kompüterlərin məhsuldarlığının aşağı düşməsi ilə bağlı şikayətlər etmişdilər. “Windows Latest”in məlumatına görə, həmin problemdən xüsusilə oyun həvəskarları təsirlənib.

MONETAR.AZ