iPhone istifadəçiləri sentyabrın 1-dən etibarən bank tətbiqləri vasitəsilə rəqəmsal rubldan istifadə edə bilməyəcəklər. Buna səbəb rəqəmsal rublu dəstəkləyən bank tətbiqlərinin yenilənmiş versiyalarının “App Store”da əlçatan olmamasıdır.
“Frank Media”nın bir sıra bankların texniki dəstək xidmətlərinə istinadən yaydığı məlumata görə, bu vəziyyət xüsusilə VTB və “T-Bank” tərəfindən təsdiqlənib.
Problemin Rusiya Mərkəzi Bankının kriptoqrafik mühafizə ilə bağlı tələblərindən qaynaqlandığı bildirilir. Rəqəmsal rublu dəstəkləyən tətbiqlərdə Rusiya kriptoqrafiya standartlarından istifadə olunur və tətbiqlər Rusiya Mərkəzi Bankının serverlərinə müraciət edir. “Vedomosti”nin yazdığına görə, “Apple” bunu sanksiyalara məruz qalan maliyyə infrastrukturu ilə əlaqə kimi qiymətləndirərək həmin tətbiqlərin yenilənmələrini qəbul etmir.
VTB-nin texniki dəstək xidməti “Frank Media”ya bildirib ki, hazırda rəqəmsal rubl yalnız “Android” platformasında əlçatandır. “T-Bank”ın operatorları da rəqəmsal rubl hesabının yalnız 8.2 və daha yuxarı versiyalı “Android” tətbiqində işlədiyini təsdiqləyiblər. “iOS” üçün həll üzərində iş aparılır, lakin onun nə vaxt istifadəyə veriləcəyi açıqlanmayıb.
“Ozon Bank”ın texniki dəstək xidməti isə fərqli açıqlama verib. Bankdan bildirilib ki, rəqəmsal rubl funksiyası aktivləşdirildikdən sonra istifadəçilər ondan bankın tətbiqində istənilən cihaz vasitəsilə yararlana biləcəklər.
Avqustun 26-da “Apple” “iMazing” proqramı vasitəsilə əvvəllər silinmiş tətbiqlərin yenidən quraşdırılması imkanını da məhdudlaşdırıb. Beləliklə, iPhone istifadəçiləri üçün hazırda əsas alternativ bankların veb-interfeysindən istifadə etməkdir.
“Maliyyə İnnovasiyaları” Assosiasiyasının sədri Roman Proxorov isə mümkün həll yollarından biri kimi tətbiqlərin kabel vasitəsilə birbaşa bank filiallarında quraşdırılmasını göstərib. Onun sözlərinə görə, oxşar üsul adi bank tətbiqlərinin quraşdırılması zamanı artıq tətbiq olunur.
MONETAR.AZ