Heydər Əliyev Beynəlxalq Hava Limanında sərnişinlərin sərhəd nəzarətindən daha sürətli və rahat keçməsini təmin edən “Elektron qapı sərhəd nəzarəti sistemi” istifadəyə verilib.
DSX-dən məlumata görə, avtomatlaşdırılmış pasport nəzarəti və biometrik identifikasiya sisteminin tətbiqi sərhədkeçmə prosedurlarının operativliyinin artırılması məqsədi daşıyır.
İlkin mərhələdə hava limanının ölkəyə gəlmə zalında quraşdırılan sistemdən Azərbaycan Respublikasının 18 yaşı tamam olmuş vətəndaşları istifadə edə biləcəklər.
Elektron qapı vasitəsilə sərhəd nəzarəti bir neçə mərhələdə avtomatik həyata keçirilir. Sərnişin şəxsiyyət sənədini xüsusi oxutma qurğusuna təqdim etdikdən sonra sənəddəki məlumatlar sistem tərəfindən avtomatik oxunur.
Daha sonra aidiyyəti informasiya sistemləri üzrə zəruri yoxlamalar aparılır və biometrik məlumatlar əsasında şəxsin eyniləşdirilməsi həyata keçirilir.
Məlumatların uyğunluğu təsdiqləndikdə elektron qapı avtomatik açılır və sərnişin sərhəd nəzarətindən keçir. Prosesin təxminən 20 saniyə ərzində tamamlanması nəzərdə tutulur.
Yeni texnologiyanın tətbiqi sərhəd nəzarətinin əsas mərhələlərinin avtomatlaşdırılmasına, gözləmə müddətinin azalmasına, nəzarət prosedurlarının çevikliyinin və səmərəliliyinin artırılmasına imkan verəcək. Eyni zamanda, prosesdə insan amilinin minimuma endirilməsi nəzərdə tutulur.
DSX bildirir ki, növbəti mərhələdə “Elektron qapı sərhəd nəzarəti sistemi”nin digər dövlət sərhədindən buraxılış məntəqələrində də tətbiqi planlaşdırılır. Hazırda sistemin imkanlarının genişləndirilməsi və təkmilləşdirilməsi üzrə işlər davam etdirilir.
Yeni sistemin əsas məqsədi yalnız sərnişinlərin sərhəddən daha sürətli keçirilməsini təmin etmək deyil. Layihə həmçinin sərnişin məmnuniyyətinin artırılması, rəqəmsal texnologiyaların sərhəd nəzarətində tətbiq dairəsinin genişləndirilməsi və daha effektiv nəzarət mexanizmlərinin formalaşdırılmasına xidmət edir.
DSX tərəfindən bildirilib ki, innovativ texnologiyaların tətbiqi Azərbaycanın beynəlxalq hava limanlarında rəqəmsal sərhəd nəzarəti infrastrukturunun inkişafı və qabaqcıl texnologiyaların sərhəd mühafizəsi sahəsinə inteqrasiyası istiqamətində mühüm addımdır.