Azərbaycanda yüksək sürətli internet istifadəçilərinin sayı kəskin artıb

Azərbaycanda yüksək sürətli internet istifadəçilərinin

Azərbaycanda 100 Mbit/s və daha yüksək sürətli sabit internetə qoşulanların sayı son illərdə dəfələrlə artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 100 Mbit/s və daha yüksək sürətli internet abunəçilərinin sayı 2021-ci ildə 8,9 min olduğu halda, 2025-ci ildə 1 milyon 410,9 minə çatıb. Eyni dövrdə 10–100 Mbit/s sürətli internet abunəçilərinin sayı 335,9 mindən 856,2 minə yüksəlib.

Daha aşağı sürətli bağlantılardan istifadə edənlərin sayı isə əhəmiyyətli dərəcədə azalıb. Belə ki, 2–10 Mbit/s sürətli internet abunəçilərinin sayı 491,2 mindən 122,9 minə, 256 kbit/s–2 Mbit/s sürətli bağlantıların sayı isə 455,3 mindən 21,9 minə düşüb.

Ümumilikdə, sabit genişzolaqlı internet abunəçilərinin sayı 2021-ci ildəki 1 milyon 291,3 mindən 2025-ci ildə 2 milyon 411,9 minə yüksəlib.

Nəticədə 2025-ci ildə hər 100 nəfərə düşən sabit genişzolaqlı internet abunəliyinin sayı 23,5 olub. 2021-ci ildə bu göstərici 12,9 təşkil edib.

Aktiv mobil genişzolaqlı internet abunəçilərinin sayı isə 2025-ci ildə 9 milyon 149,2 min olub. 2024-cü ildə bu rəqəm 9 milyon 245,7 min təşkil edib.

Beynəlxalq internet infrastrukturunun tutumunda da artım qeydə alınıb. Bir internet istifadəçisinə düşən beynəlxalq internet kanalının həcmi 2021-ci ildə 198,6 kbit/s olduğu halda, 2025-ci ildə 927,2 kbit/s-ə çatıb.

MONETAR.AZ