Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən regionlarda dövlət qulluqçularının peşəkar inkişafına yönəlmiş təlimlər davam etdirilir.
25-28 avqust 2026-cı il tarixlərində Goranboy rayonu, həmçinin Mingəçevir, Yevlax və Naftalan şəhərlərində çalışan dövlət qulluqçuları üçün “Ünsiyyət bacarıqlarının inkişafı”, “Dövlət qulluğunda vakant inzibati vəzifələrin idarə edilməsi” və “Cəmiyyətə xidmət psixologiyası: dövlət qulluqçusunun daxili motivasiyası” mövzularında təlimlər təşkil olunub.
Təlimlər Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində həyata keçirilir. Strategiyanın müvafiq tədbirləri üzrə DİM əsas icraçı qurum kimi müəyyən edilib.
Təlimlər zamanı iştirakçılara mövzular üzrə ətraflı məlumat verilib, fikir mübadiləsi və müzakirələr aparılıb, dövlət qulluqçularını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, DİM tərəfindən dövlət qulluqçuları üçün təlimlərin 2026-cı ilin sonunadək ölkənin digər şəhər və rayonlarında da keçirilməsi nəzərdə tutulur.