Bu gün – oktyabrın 17-də Füzuli Şəhəri Günü qeyd olunur. 2020-ci ilin həmin günü, Vətən müharibəsinin 21-ci günündə Füzuli şəhəri və ətraf kəndlər erməni işğalından azad edilib. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, oktyabrın 17-si Füzuli Şəhəri Günü kimi qeyd olunur.
Füzuli uğrunda döyüşlər İkinci Qarabağ müharibəsinin cənub-şərq istiqamətində ən mühüm hərbi əməliyyatlardan biri olub. Döyüşlərin ilk saatlarından Azərbaycan Ordusu təmas xəttindəki bir neçə müdafiə xəttini yararaq strateji üstünlük əldə edib. Əsgər və zabitlərimizin göstərdiyi şücaət nəticəsində Füzuli ilə yanaşı, Cəbrayıl və Xocavənd rayonlarının bir sıra yaşayış məntəqələri də azad olunub.
Füzuli uğrunda mübarizə müharibənin ən ağır döyüşlərindən hesab edilir. Ermənistan silahlı birləşmələri 30 il ərzində ərazidə möhkəm istehkamlar qurmuş, müdafiə mövqelərini gücləndirmişdilər. Buna görə şəhərin azad edilməsinin uzun müddət çəkəcəyi ehtimal olunurdu. Lakin Azərbaycan Ordusu uğurlu hərbi əməliyyatlarla bu maneələri dəf edərək irəliləyib.
Füzuli əməliyyatına hazırlıq çərçivəsində strateji yüksəkliklər və düşmənin möhkəmləndirilmiş mövqeləri nəzarətə götürülüb. Oktyabrın 3-də Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi, eləcə də Tərtər rayonunun Suqovuşan və Talış kəndləri azad edilib.
Oktyabrın 4-də Cəbrayıl şəhəri və rayonun bir sıra kəndləri, oktyabrın 5-də isə Şıxalıağalı, Sarıcallı və Mərəzə kəndləri düşmən işğalından qurtulub.
Oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sur kəndi, Füzulinin Yuxarı Güzlək və Gorazıllı kəndləri, Cəbrayılın isə Qaracallı, Əfəndilər və Süleymanlı kəndləri azad edilib. Bu uğurlar Füzuli istiqamətində növbəti hərbi əməliyyatlar üçün əlverişli şərait yaradıb.
Oktyabrın 14-də Füzuli rayonunun Qarakollu, Xatınbulaq və Qaradağlı kəndləri, Xocavənd rayonunun isə Bulutan, Məlikcanlı, Qırmızıqaya, Dağdöşü və Tağaser kəndləri azad olunub. Oktyabrın 15-də Xocavəndin Edişə, Düdükçü, Edilli və Çiraquz kəndləri, Füzulinin Arış kəndi və Cəbrayılın Doşulu kəndi düşmən tapdağından xilas edilib. Daha sonra Xocavənd rayonunun Xırmancıq, Ağbulaq və Axullu kəndləri Azərbaycan Ordusunun nəzarətinə keçib və Füzuli şəhəri mühasirəyə alınıb.
Oktyabrın 16-dan 17-nə keçən gecə şəhərin azad olunması əməliyyatı həyata keçirilib. Azərbaycan Ordusunun yüksək peşəkarlığı və döyüş əzmi sayəsində Füzuli şəhəri, eləcə də Qoçəhmədli, Cuvarlı, Pirəhmədli, Musabəyli, Çimən, İşıqlı və Dədəli kəndləri azad edilib. Bu qələbə 44 günlük Vətən müharibəsinin gedişində mühüm dönüş nöqtələrindən biri olub.
2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edilib. Prezidentin sərəncamı ilə Azərbaycan Silahlı Qüvvələrinin minlərlə hərbi qulluqçusu həmin medalla təltif olunub.
İşğaldan əvvəl Füzuli rayonu tarixi-dini abidələri, xüsusilə türbələri ilə seçilib. İşğal dövründə rayonun bir sıra tarixi-mədəniyyət abidələri dağıdılıb və zərər görüb.
Hazırda Füzuli rayonunda yaşayış məntəqələrinin yenidən qurulması, tarixi abidələrin bərpası və infrastrukturun inkişafı istiqamətində işlər görülür. İşğaldan azad edilmiş ərazilərə qayıdış prosesi Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənmiş, 2022–2026-cı illəri əhatə edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində davam etdirilir.
Müharibədən sonrakı dövrdə rayon ərazisində məktəblər, uşaq bağçaları və xəstəxanalar tikilib, yollar, parklar və yaşayış kompleksləri salınıb. Bu istiqamətdə layihələrin icrası davam edir.
Doğma yurdlarına qayıdan sakinlərin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzindədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi Füzuli şəhərinə köçürülmüş sakinlərin məşğulluğuna dəstək tədbirlərini davam etdirir.
Artıq 1100-dən çox sakin məşğulluq tədbirlərinə cəlb olunub. Onlardan 1030-dan çoxunun rayon ərazisində məşğulluğu təmin edilib. Köçürülmüş sakinlərdən 60 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb, 70 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb olunub.
Hazırda daha bir qrup sakinin məşğulluğuna dəstək göstərilməsi istiqamətində işlər aparılır. Onların məşğulluq imkanları qiymətləndirilir və uyğun proqramlara cəlb olunmaları müəyyənləşdirilir.
Füzuli şəhərinin gələcək inkişafı ilə bağlı Baş planda 2040-cı ilədək şəhərin inzibati ərazisinin 1943 hektara, əhalisinin isə 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Müasir şəhərsalma standartları və memarlıq xüsusiyyətləri əsasında yenidən qurulan Füzulinin işğaldan azad edilmiş ərazilərin əsas yaşayış və iqtisadi mərkəzlərindən birinə çevrilməsi hədəflənir.
Şəhərin dayanıqlı inkişafı, sakinlərin həyat şəraitinin yaxşılaşdırılması və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi məqsədilə “Ağıllı şəhər” konsepsiyası da irəli sürülüb.