Bu gün Milli Məclisin payız sessiyası çərçivəsində növbəti plenar iclas keçiriləcək. İclasın gündəliyinə dövlət qulluğu, vergi, bank sektoru, əmək münasibətləri və digər sahələrlə bağlı 12 məsələ daxil edilib.
Monetar.az xəbər verir ki, Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi ilə bağlı qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılacaq. Həmçinin dövlət vergi və digər hüquq-mühafizə orqanlarında xidmət, pensiya təminatı və diplomatik xidmətlə bağlı qanunvericiliyə dəyişikliklərə baxılacaq.
Deputatlar bələdiyyələrin siyahısında dəyişikliklər, dövlət xidmətlərinin göstərilməsi, Mərkəzi Bankın fəaliyyəti, banklar və qiymətli kağızlar bazarı ilə bağlı qanun layihələrini də müzakirə edəcəklər.
Gündəliyə, həmçinin ədliyyə orqanlarında qulluq, ətraf mühitin mühafizəsi, ətraf mühitə təsirin qiymətləndirilməsi, Əmək Məcəlləsi və dövlət satınalmaları ilə bağlı dəyişikliklər daxil edilib.
Bundan başqa, Cinayət Məcəlləsi və Cinayət-Prosessual Məcəlləyə dəyişikliklər barədə qanun layihəsi ikinci oxunuşda müzakirə olunacaq.