Paytaxtda XII Bakı Beynəlxalq Kitab Sərgisi təşkil olunacaq

Paytaxtda XII Bakı Beynəlxalq Kitab Sərgisi

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 21-dən 27-dək Bakı Ekspo Mərkəzində XII Bakı Beynəlxalq Kitab Sərgisi keçiriləcək.

Builki sərgi “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” devizi altında təşkil olunacaq. Tədbirdə 30 xarici ölkədən 59 təşkilat, həmçinin 147 yerli nəşriyyat-poliqrafiya müəssisəsi və kitab sənəti ilə əlaqəli qurum təmsil olunacaq.

Sərgidə Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlarla yanaşı, Türkiyə, ABŞ, Norveç, İngiltərə, Polşa, Səudiyyə Ərəbistanı və digər ölkələrdən olan görkəmli yazıçılar və elm adamları da iştirak edəcəklər.

Tədbir çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərsləri, inklüzivlik və digər aktual mövzulara həsr olunmuş kitab təqdimatları, imza günləri, konfranslar və müsabiqələr keçiriləcək. Ziyarətçilər, həmçinin qiraət və musiqi saatlarında iştirak edə biləcəklər.

Sərgi çərçivəsində kitab sənayesinin nümayəndələri arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən platformalar da fəaliyyət göstərəcək.

Bakı Beynəlxalq Kitab Sərgisi mütaliə mədəniyyətinin təşviqi, Azərbaycan ədəbiyyatının beynəlxalq səviyyədə tanıdılması, yerli və xarici ədəbi mühit arasında əlaqələrin gücləndirilməsi, eləcə də kitab sənayesində əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.