Türkiyədə odlu silah qaydaları sərtləşdiriləcək

Türkiyədə odlu silah

Türkiyə hakimiyyəti ötən həftə yerli məktəblərdə baş verən iki silahlı insidentdən sonra vətəndaşların odlu silah saxlaması ilə bağlı qaydaları sərtləşdirməyə və qanun pozuntularına görə cəzaları artırmağa hazırlaşır.

TRT Haberin verdiyi məlumata görə, bunu ölkə prezidenti Recep Tayyip Erdoğan Nazirlər Kabinetinin iclasından sonra bildirib.

“Ölkəmizdə məktəblərdə təhlükəsizliyin təmin edilməsi bizim əsas prioritetimizdir. Bu məsələdə nə indi, nə də gələcəkdə heç bir güzəşt olmayacaq”, — deyə Ərdoğan vurğulayıb. O əlavə edib ki, silah sahiblərinin təhlükəsizlik və mühafizə qaydalarına əməl etməməsinə görə cəzalar sərtləşdiriləcək, həmçinin silah sahibliyini məhdudlaşdıran əlavə hüquqi normalar tətbiq olunacaq.

Prezident qeyd edib ki, aprelin 15-də ölkənin cənub-şərqində yerləşən Kahramanmaraş əyalətindəki məktəbdə baş verən hadisə nəticəsində 9 nəfər həlak olub, 21 nəfər yaralanıb. Eyni regionda yerləşən Şanlıurfa əyalətində aprelin 14-də baş verən digər hadisədə isə 19 nəfər xəsarət alıb.

Ərdoğan bildirib ki, sosial şəbəkələrdə və rəqəmsal platformalarda yalan və manipulyativ məlumatlar yayan hesablarla bağlı zəruri tədbirlər görülüb. O, həmçinin “virtual patrul”un gücləndiriləcəyini və hüquq-mühafizə orqanlarının kibertəhlükəsizlik sahəsində imkanlarının artırılacağını qeyd edib.

Bundan əlavə, məktəblərlə hüquq-mühafizə orqanları arasında əməkdaşlığın gücləndirilməsi və yeni fəaliyyət modellərinin hazırlanması da planlaşdırılan addımlar sırasındadır.