Venesiya Kino Festivalında rejissor Aleks Qibninin milyarder sahibkar İlon Mask haqqında çəkdiyi sənədli filmin müsabiqədənkənar premyerası keçirilib. Təxminən dörd saat davam edən ekran əsərinin Torontoda da nümayiş olunacağı bildirilib.
Filmin yaradıcıları premyera ilə yanaşı, 48 saniyəlik tizer də təqdim ediblər. Tizerdə kadrarxası səslər İlon Mask haqqında bir-birindən tamamilə fərqli fikirlər səsləndirir. Bəzi şəxslər onu dövrümüzün ən böyük ixtiraçısı və “Dəmir adam” adlandırarkən, digərləri milyarderi xaos yaradan, gözlənilməz, qəddar və eqoist şəxs kimi xarakterizə edir. Çarx “İlon bir nüvə bombasıdır” ifadəsinin səslənməsi ilə kosmik gəminin partlaması görüntüsü fonunda başa çatır.
Sənədli filmdə “Talking Heads” qrupunun solisti Devid Birnin ifa etdiyi “Let Me Sell You a Dream” adlı orijinal mahnıdan da istifadə olunub.
Filmin geniş kinoprokatına oktyabrın 16-da başlanması planlaşdırılır. Daha sonra ekran əsərinin “HBO” və “Max” platformalarında yayımlanacağı gözlənilir.
MONETAR.AZ