ABŞ bazarına üz tutan ölkələr – ixracın 82 faizi Amerikaya gedir

ABŞ bazarına üz tutan ölkələr –

Meksikanın mal ixracının 81,9 faizi, Kanadanın isə 72,3 faizi ABŞ bazarına yönəlir. Bu göstərici G20 ölkələri üzrə orta hesabla 18,1 faiz təşkil edir.

Monetar.az xəbər verir ki,  BMT-nin UN Comtrade məlumatları və İqtisadi Mürəkkəblik Observatoriyasının (OEC) 2025-ci il göstəriciləri əsasında hazırlanan araşdırmada G20 ölkələrinin ABŞ bazarından asılılığı müqayisə edilib.

ABŞ-a ixracın payına görə Meksika 81,9 faizlə ilk sırada, Kanada isə 72,3 faizlə ikinci yerdə qərarlaşıb. Yaponiya 18,6 faiz, Hindistan 18,3 faiz, Cənubi Koreya 17,4 faiz, Böyük Britaniya 15,9 faiz və Çin 14,7 faiz göstəriciyə malikdir.

İndoneziyanın ixracının 11 faizi, Braziliyanın 10,9 faizi, İtaliyanın 10,8 faizi və Argentinanın 9,6 faizi ABŞ-a gedir. Almaniyada bu göstərici 9,4 faiz, Fransada 8,6 faiz, Avstraliyada 7,4 faiz təşkil edir.

Türkiyənin mal ixracında ABŞ-ın payı 6 faizdir. Səudiyyə Ərəbistanında bu göstərici 4,3 faiz, Rusiyada isə cəmi 0,9 faizdir.

Araşdırmada qeyd olunur ki, Şimali Amerika ölkələrinin ABŞ bazarından yüksək asılılığı Kanada və Meksikanın ixracının ABŞ-dakı ticarət siyasətindəki dəyişikliklərə daha həssas olmasına səbəb olur.

Məlumatlar yalnız mal ticarətini əhatə edir. G20-nin üzvü olan Avropa İttifaqı və Afrika İttifaqı isə ayrıca iqtisadi birliklər kimi sıralamaya daxil edilməyib.